İQTİSADİYYAT
Reha Aykul Muratoğlu: “Cənub qaz dəhlizi”ndə Türkmənistana da yer tapılacaq
Aşqabad, 30 may, Laçın Sultanova, AZƏRTAC
“Cənub qaz dəhlizi”ndə Türkmənistana da yer tapılacaq.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Beynəlxalq Energetika Xartiyasının “Enerji resurslarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinə doğru” adı altında keçirilən Aşqabad forumunda bu sözləri Türkiyə Respublikasının Energetika və Təbii Ehtiyatlar Nazirliyinin tranzit boru kəmərləri departamentinin rəhbəri Reha Aykul Muratoğlu söyləyib.
Neftin və qazın tranzitində Türkiyənin rolu barədə danışan Muratoğlu bildirib ki, Türkiyə neftin və qazın ən iri istehsalçıları və istehlakçıları arasında yerləşir. Neft ehtiyatlarının 60 faizi və sübut edilmiş qaz ehtiyatlarının 72 faizi bu regionun payına düşür. İki energetik infrastruktur – Bakı-Tbilisi-Ceyhan və İraq-Türkiyə neft kəmərləri Türkiyənin ərazisindən keçir.
Türkiyə Energetika Nazirliyinin nümayəndəsi hazırda reallaşdırılmaqda olan “Cənub Qaz dəhlizi” layihəsi və onun tərkib hissəsi olan TANAP barədə də öz fikrini bildirib. O deyib ki, boru kəmərinin Türkiyə ərazisindən keçən hissəsinin 72 faizi artıq inşa edilib və Avropa 2018-ci ildə bu kəmərlə ilk qazı alacaq, 2020-ci ildə isə qaz nəqlinin həcmi 10 milyard kubmetrə qədər artacaqdır. “Cənub qaz dəhlizi” layihəsi reallaşanda enerji ehtiyatlarının nəql edilməsi imkanı artacaq. “Cənub qaz dəhlizi”ndə Türkmənistana da yer tapılacağını bildirən Reha Aykul Muratoğlunun fikrincə, İraq bütün region üçün, habelə Avropa üçün təbii qazın potensial mənbəyidir.