CƏMİYYƏT
“Rəhimə xanım ziyarətgahı” məscidində görüş
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Sabunçu rayonu Nardaran qəsəbəsində “Rəhimə xanım ziyarətgahı” məscidində dini icma üzvləri və qəsəbə dindarları ilə görüş keçirilib.
DQİDK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Komitənin sədr müavini Səyavuş Heydərov, Sabunçu Rayon İcra Hakimiyyətinin və yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi iştirak ediblər.
Sədr müavini S.Heydərov çıxış edərək Azərbaycandakı nümunəvi tolerant və multikultural mühit, mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, dövlət tərəfindən İslam və qeyri-islam dini icmalara daim diqqət və qayğı göstərilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhərrəm ayının başlanmasından danışan sədr müavini bununla əlaqədar bütün məscidlərdə, o cümlədən “Rəhimə xanım ziyarətgahı”nda da əzadarlıq tədbirlərinin, anım mərasimlərinin QMİ-nin Qazılar Şurasının bununla bağlı verdiyi fətvaya uyğun, o cümlədən qanunvericilik çərçivəsində həyata keçiriləcəyinə əmin olduğunu bildirib.
Səyavuş Heydərov sosial dayağı olmayan radikal meyilli dairələrə qarşı mübarizə ilə bağlı görülən ardıcıl, məqsədyönlü maarifləndirmə tədbirləri barədə də iştirakçılara ətraflı məlumat verib.
“Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa Qasımov, qəsəbə ağsaqqalları Hacıağa Nuriyev və Seyfulla Əlizadə çıxışlarında dindarların dövlətin qayğısı və diqqəti ilə əhatələndiyini qeyd edərək, Nardaran qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Ötən il Nardaran qəsəbəsində baş vermiş xoşagəlməz hadisələrə toxunan natiqlər qəsəbə əhalisinin bu proseslərdə iştirakının olmadığını, radikal dini dairələrin kənardan idarə olunduğunu vurğulayıblar. Qeyd olunub ki, Məhərrəm ayı ilə əlaqədar bütün ölkə üzrə olduğu kimi, Nardaran qəsəbəsində də əzadarlıq tədbirləri qanunvericilik çərçivəsində və nümunəvi şəkildə təşkil ediləcək. Qəsəbənin dini icmasının üzvləri dinə aidiyyəti olmayan bəzi qrupların Nardaran camaatı adından çıxış etmələrinin yolverilməz olduğunu vurğulayıblar.