MƏDƏNİYYƏT


Rejissor Rafiq Dadaşovun 70 illiyi münasibətilə tədbir keçirilib

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Avqustun 30-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında milli kino sənətimizin inkişafında öz yeri olan, yüksək mədəniyyəti, sadəliyi ilə seçilən rejissor Rafiq Dadaşovun anadan olmasının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rejissor R.Dadaşovun həyat yolundan və yaradıcılığından, Azərbaycan kinosuna verdiyi dəyərli töhfələrdən geniş söz açılıb.

Bildirilib ki, 1963-cü ildə rejissor köməkçisi kimi əmək fəaliyyətinə başlayan Rafiq Dadaşov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yaradıcılıq yolu keçib. O, qısa bir vaxt ərzində “Yenilməz batalyon”, “Sən nə üçün susursan?”, “Torpaq. Dəniz. Od. Səma”, “Bir cənub şəhərində” kimi bədii filmlərdə rejissor köməkçisi, “Səmt küləyi”, “1001-ci qastrol”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış serenada”, “Yol əhvalatı”, “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi”, “Ötən ilin son gecəsi” və s. bədii filmlərdə 2-ci rejissor qismində yüksək iş qabiliyyəti, özünə qarşı tələbkarlığı, professionallığı ilə təkcə çəkiliş qrupunun deyil, kinostudiyanın bütün kollektivinin hörmətini qazanıb. Bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan adları sadalanan bu və bir çox başqa filmlərin uğur qazanmasında Rafiq Dadaşovun xüsusi əməyi vardır.

Rafiq Dadaşovun keçdiyi bu məhsuldar yaradıcılıq yolundakı uğurları layiqincə qiymətləndirilib və 2016-cı ildə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

Tədbirdə çıxış edənlər yubilyarı təbrik edib, ona yeni uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.