ELM VƏ TƏHSİL
Rektor: Attestasiyanın məqsədi yüksək bilik və peşəkarlığa malik müəllimləri işə cəlb etməkdir
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” respublika elmi-praktik konfransı keçirilib. Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Konfransda rektor, professor Cəfər Cəfərov bildirib ki, hazırda universitetdə yaz semestrinin imtahan sessiyası davam edir. Eyni zamanda, kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqə, eləcə də tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzi əməkdaşlarının attestasiyası yekunlaşma mərhələsindədir.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov və ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov konfransın həm universitetin, həm də ölkəmizin elmi-mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək fənlərin tədrisi metodikasına səmərəli təsir edəcəyini vurğulayıb.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Sonda bölmə rəhbərlərinin hesabatları dinlənilib, yekun qərar qəbul edilib.