ELM VƏ TƏHSİL


Rektor: Biz istərdik ki, Fransada da Azərbaycanı öyrənən mərkəz olsun

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Fransanın Valensyen Universitetinin vitse-prezidenti Arnaud Huftierlə görüşüb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, rektor universitetdə fəaliyyət göstərən Fransa mərkəzlərinin bu ölkənin universitetləri ilə əlaqələrinin möhkəmlənəcəyinə əminliyini ifadə edib: “Ümid edirəm ki, Azərbaycanda frankofonların sayı artacaq”.

Rektor K.Abdulla Fransa səfirini “Səfir saatı”nda mühazirə oxumağa dəvət edib. Rektor ADU-nun Fransa universitetləri ilə əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsində maraqlı olduğunu söyləyib: “Mən əlimdən gələni edəcəyəm ki, Azərbaycan-Fransa əlaqələri ADU-nun timsalında daha da çiçəklənsin. Mən bunu Fransada dörd kitabı nəşr olunmuş müəllif kimi yox, bir azərbaycanlı kimi deyirəm”.

Multikulturalizm sahəsində əməkdaşlıq barədə söz açan K.Abdulla bu istiqamətdə görüləcək işlərin çox olduğunu söyləyib. O, Azərbaycanla Fransanı birləşdirən dəyərlərdən danışaraq ADU-da fransız dili, ədəbiyyatı və mədəniyyətinin öyrənildiyini və təbliğ olunduğunu deyib: “Biz istərdik ki, eyni şəkildə Fransada da Azərbaycanı öyrənən mərkəz olsun. Bizə Fransa universitetlərinin birində tədris platforması lazımdır. Əgər biz burada Fransa mədəniyyətinin təbliğatçısıyıqsa, eyni münasibətin Fransada da olmasını istəyirik. Biz burada Fransanı sevən insanların daha çox olmasına çalışırıq. Bunun Azərbaycan üçün xeyri var. Fransada da Azərbaycanı sevən insanların artmasının, ilk növbədə, Fransa üçün xeyri ola bilər”.

Səmimi qəbula görə təşəkkür edən A.Huftier birgə layihələrin həyata keçirilməsinin perspektivlərindən söz açıb. O, Fransa səfirliyinin bu layihələrin həyata keçirilməsinə dəstək olacağına inandığını söyləyib. A.Huftier ADU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayaraq bildirib ki, tələbə mübadiləsi, birgə tədqiqatlar, tərcümə kimi sahələrdə əməkdaşlıq mümkündür. İkili diplomlar məsələsinin də həll oluna biləcəyini deyən A.Huftier K.Abdullanı təmsil etdiyi universitetə dəvət edib və orada Azərbaycanı öyrənən mərkəzin açılması barədə söz açıb: “Yaxşı olardı ki, Azərbaycan dili və Mədəniyyəti Mərkəzi məhz bizim universitetdə açılsın. Bizim ədəbiyyat vasitəsilə dil öyrənilməsi sahəsində də əməkdaşlığımız üçün perspektivlər var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.