İQTİSADİYYAT
“Renessans Palace”da növbəti dəfə “Açıq qapı günü” keçirilib
Bakı, 3 avqust, Ramiz Quliyev, AZƏRTAC
“AS Group İnvestment” şirkətinin metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında inşa etdiyi “Renessans Palace” yaşayış kompleksində artıq ikinci dəfə “Açıq qapı günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə “AS Group İnvestment” şirkətinin menecerləri, mənzil almaq üçün müqavilə bağlamış müştərilər və potensial müştərilər iştirak ediblər.
Tədbirdə çıxış edən layihə rəhbəri Sahib Əliyev bildirib ki, görüş Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin “Renessans Palace” yaşayış kompleksində tikinti işlərinin başlanılması üçün yeganə rəsmi əsas olan №97 Xüsusi Nişanın təqdim olunmasına həsr edilib.
Vurğulanıb ki, Tikinti və Şəhərsalma Məcəlləsinin sifarişçi və tikinti layihəsi qarşısında qoyduğu çoxsaylı tələblərə görə, bu mühüm sənədi alan tikinti komplekslərinin sayı çox deyil. Ümumilikdə isə bugünədək “Renessans Palace” yaşayış kompleksi 24 müxtəlif icazə sənədi alıb.
Marketinq və PR şöbəsinin rəisi Elmir Kərimli isə qeyd edib ki, tikintinin keyfiyyəti və sürəti ilə yanaşı, “AS Group İnvestment” sənədləşməyə də böyük önəm verir. Halbuki, bəzi tikinti şirkətləri bu mühüm məsələyə laqeyd yanaşırlar. Nəticədə dövlət komissiyasında qəbul zamanı daşınmaz əmlak sahibləri problemlərlə qarşılaşır, bu isə vətəndaşların mülkiyyət hüququnu təsdiq edən sənədin alınmasını ləngidir.
“Renessans Palace”da mənzil alıcıları bağladıqları müqavilənin təhlükəsizliyini hiss etmələri üçün, “AS Group İnvestment” öz fəaliyyətini mövcud qanunvericiliyin tələbləri əsasında qurub. Qanuna əsasən isə, Dövlət komissiyası tərəfindən tikinti işlərinin qəbul olunması üçün Fövqəladə Hallar Nazirliyinin Tikinti İşlərinə Dövlət Nəzarəti Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəyi olmalıdır. Beləliklə, dövlət müfəttişliyinin əməkdaşları mütəmadi olaraq “Renessans Palace”da həyata keçirilən tikinti işlərinin keyfiyyətinə nəzarət edirlər.
E.Kərimli bu günədək mənzillərin 15 faizindən çoxunun satıldığını və insanların bu layihəyə inamını xüsusi qeyd edib. “Bu yaxınlarda, yaşayış kompleksinin kommersiya sahələri də satışa çıxarılıb və işgüzar dairələrin böyük marağına səbəb olub”, - deyə şöbə rəisi vurğulayıb.
Daha sonra tədbir iştirakçıları tikinti işlərinin gedişatı ilə tanış olublar.