CƏMİYYƏT


Rəngini dəyişən və küsəyən bugenvilliya çiçəkləri

Bakı, 13 iyul, AZƏRTAC

Ona məşhur Braziliya seriallarının kinolentlərində rast gəlmək olar. İnteryer, xüsusilə də fasadların vertikal yaşıllaşdırılması, landşaft dizaynı və kompozisiyaların yaradılmasında geniş istifadə edilən bitkidir. Bonsay üslubunda olan kompozisiyalar üçün də gözəl materialdır.

Bugenvilliya liana hesab edilir. Bu ad ona 1768-ci ildə Fransanın yeni ərazilərinə ekspedisiya təşkil etmiş dənizçi, hüquqşünas və riyaziyyatçı Lui Antuan de Bugenvillin şərəfinə verilib və həmin ekspedisiyanın tərkibində botanik də olub.

Bugenvilliya cəmi 14 növü olan gecəçiçəyikimilər fəsiləsindəndir. Cənubi Amerikanın tropik meşələrində geniş yayılıb. Hündürlüyü 15 metrə çatır. Təbii tropik mühitdə ilboyu çiçək açır. Braziliyada əsasən kolibri quşları vasitəsilə, digər yerlərdə kəpənəklərlə tozlanır.

Bugenvilliya hündür olmayan ağac və ya koldur, sürünən və sarmaşan gövdələrə malikdir, zaman keçdikcə bitkinin üzərində tikanlar formalaşır. Bitkinin çiçəkləri müxtəlif rənglərə çalır. Hətta çiçəkləmə dövründə tez-tez rəngini dəyişərək iki rəng alır. Əsasən parlaq işıqlı, yayda kölgə olmayan və havası təmiz yerlərdə yaxşı bitir. Şəraitdən asılı olaraq, onun çiçəkləməsi yazdan yayın axırlarına qədər davam edir. Temperaturun aşağı düşməsi onun çiçəkləməsinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

Bitkinin şıltaqlıqlarından biri də yerdəyişməni sevməməsidir. Hətta onu budayarkən zoğlarının yerini dəyişməməsinə fikir vermək lazımdır. Əks halda bitki "küsərək" böyümədən qalır, tez-tez yarpaqlarını tökür. Qış aylarında yarpaqlarını tökməsi isə təbiidir. Yarpaqların saralması havada rütubətin çoxluğunu göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.