ELM VƏ TƏHSİL
“Rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin edilməsi” mövzusunda elmi seminar
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin edilməsi” mövzusunda elmi seminar keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Hüseyn Qaraşov müasir dünyada gedən qloballaşma proseslərindən, ölkə iqtisadiyyatının inkişaf perspektivlərindən, təbii sərvətlərdən asılılığın aradan qaldırılmasının və dünya bazarı standartlarına uyğun rəqabətqabiliyyətli məhsullar istehsal edilməsinin vacibliyindən danışıb. Qeyd olunub ki, hazırda Azərbaycanda iqtisadi inkişafın ardıcıl həyata keçirilməsi və müasir dövrün əmək bazarı tələblərinə uyğun kadr hazırlığı işinin uğurla aparılması üçün geniş imkanlar vardır.
Akademiyanın iqtisadiyyat və idarəetmə kafedrasının müdiri Şövqi Quliyev Prezident İlham Əliyevin apardığı siyasətin əhəmiyyətindən bəhs edib, iqtisadiyyatın inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.