İQTİSADİYYAT


Rəqabətqabiliyyətli və innovativ sənaye müasir dünya bazarına çıxış üçün həlledici faktordur

Bakı, 20 aprel, AZƏRTAC

Sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyaların, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər komitənin Patent və Əmtəə Nişanları Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İxtiraçılıq sahəsində nailiyyətlərə görə” IV Respublika Müsabiqəsi Komissiyasının iclasında səsləndirilib.

İclasda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov hər il keçirilən bu müsabiqənin əhəmiyyətindən danışıb. Rəqabətqabiliyyətli və innovativ sənayeni müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi dəyərləndirən R.Həsənovun sözlərinə görə, sənayenin rəqabətqabiliyyətliliyi artıq investisiyaların həcmi ilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət yeni iqtisadi modelə keçidi sürətləndirir. Bundan sonrakı iqtisadi inkişafın islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına həyata keçiriləcəyini bildirən dövlətimizin başçısı patent hüququ obyektlərinin mühafizəsi məsələlərini daima diqqət mərkəzində saxlayır.

Qeyd olunub ki, Patent və Əmtəə Nişanları Mərkəzi ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, qeydiyyatını, reyestrini aparır, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verir, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirir. Qeyri-neft ixracının sürətləndirilməsinə dəstək və innovativ layihələrin sənayedə tətbiqinə nail olmaq məqsədilə mərkəzin nəzdində Texnologiyaların transferi və kommersiyalaşdırılması şöbəsi yaradılıb.

Əqli mülkiyyət obyektləri üzərində müstəsna hüquqların qorunması mexanizminin – patent sisteminin rolunun günbəgün artdığını qeyd edən komitə sədri əqli mülkiyyət hüquqlarının ixtiraçıya və ya elmi-araşdırma mərkəzlərinə yaradıcı intellektual fəaliyyətdən mənfəət əldə etməyə imkan yaradan mexanizm olduğunu diqqətə çatdıraraq deyib: “İxtiraçıların, patent sahiblərinin müvəffəqiyyəti onların əqli mülkiyyət obyektlərinin təsərrüfatda, sənayedə tətbiq olunmasından asılıdır. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bunun əyani sübutudur. Təkcə ötən il 173 patent dövlət qeydiyyatına alınıb”.

İxtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi baxımından perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması məqsədilə keçirilən “İxtiraçılıq sahəsində nailiyyətlərə görə” Respublika Müsabiqəsinin rolunu komissiya üzvləri də yüksək qiymətləndiriblər.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Rafiq Hüseynov və digərləri müsabiqəyə təqdim edilən patentlərlə tanış olduqlarını, onların sırasından sənayedə tətbiq imkanları daha aktual olanların seçiləcəyinə əminliklərini bildiriblər.

Məlumat verilib ki, müsabiqəyə sənəd qəbulu 2016-cı il aprelin 7-də başa çatıb. Ümumilikdə müsabiqə komissiyasına 2016-cı ildə dövlət qeydiyyatına alınan 49 ixtira patenti barədə müraciət daxil olub. Patentlər arasında “İlin Patenti” nominasiyası ilə yanaşı, II, III yerlər üzrə də qaliblər müəyyənləşdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.