İQTİSADİYYAT
Rəqəmsal Ticarət Qovşağı Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində yeni rolunu müəyyənləşdirir
Bakı, 30 iyun, AZƏRTAC
Rəqəmsal Ticarət Qovşağı Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində keyfiyyətcə yeni rolunu müəyyən edir.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iyunun 30-da Rəqəmsal Ticarət Qovşağının təqdimatında deyib.
"Azərbaycan faktiki olaraq müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edir. Qovşağın yaradılmasında Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınıb. Rəqəmsal Ticarət Mərkəzi regional əhəmiyyət daşıyır", - deyə V.Qasımlı diqqətə çatdırıb.
"Azexport.az" portalının rəhbəri Zaur Qardaşov qeyd edib ki, Rəqəmsal Ticarət Qovşağı elektron pul kisəsi və elektron imza, o cümlədən "ASAN İmza"nı qeyri-rezidentlərə təqdim etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq. Bundan başqa, Qovşaq qeyri-rezidentlərə elektron imza, o cümlədən, "ASAN İmza"dan istifadə edərək, Azərbaycanda müəssisə, bank hesabları açmağa, idxal-ixrac əməliyyatları həyata keçirməyə imkan verəcək.
Portal vasitəsilə bu əməliyyatların elektron qaydada reallaşdırılması qaydaları sahibkarlara təqdim olunub.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, Azərbaycan Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatında ixracın genişləndirilməsi, investisiyaların cəlbi baxımından əhəmiyyətlidir. Ölkəmizdən idxal və ixracın sadələşdirilməsi üçün çoxsaylı islahatlar həyata keçirilir, mexanizmlər təqdim olunur. "Azərbaycanın inkişaf və ticarət potensialı böyükdür. Azərbaycan sərbəst ticarət rejiminə malik olan bir bazardır. İnvestisiyaların cəlbi nöqteyi-nəzərdən bu arqumentimizdən istifadə edərək, ölkəmizi regionumuzun ticarət mərkəzinə çevirməliyik", - deyə S.Babayev diqqətə çatdırıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə bildirib ki, sahibkarların qlobal bazarlara çıxması və yeni texnologiyalardan faydalanması baxımından Rəqəmsal Ticarət Qovşağı vacib rola malikdir.
Təqdimat mərasimində "Azexport" portalı, Rəqəmsal Ticarət Qovşağı ilə bağlı bir neçə tanıtım çarxı nümayiş etdirilib. Çarxlardan biri sahibkarların "Azexport" portalına cəlb edilməsi məqsədi daşıyırdı. Videoçarxda dövlətin bu portal vasitəsilə sahibkarlara yaratdığı imkanlar konkret faktlar əsasında təsvir olunur. Digər çarx Rəqəmsal Ticarət Qovşağının mahiyyətini və onun yaratdığı perspektivləri əks etdirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı digər çarxda Qovşaqla bağlı Estoniyanın Dövlət İdarəçiliyi naziri Mixail Korb, "Silikon Vadisi"nin nümayəndəsi İngrid Rosten, ABŞ-ın Corctaun Universitetinin təmsilçisi Sam Potolikkio, Almaniya Şərqi Avropa İqtisadi Əlaqələri Komitəsinin icraçı direktoru Maykl Harms kimi tanınmış şəxslər Rəqəmsal Ticarət Qovşağı barədə rəy və proqnozlarını bildiriblər. Fikirlərdə Rəqəmsal Ticarət Qovşağının qısa zaman kəsiyində nəzərdə tutulduğu kimi beynəlxalq bir layihəyə çevriləcəyi əks olunub. Sonuncu çarx isə "Azexport" portalının bir növ imic reklamıdır. Bu çarxda Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət xadimləri – Çingiz Abdullayev, Fəxriyyə Xələfova, Faiq Ağayev, Rahib Azəri portalın tanıtımını həyata keçiriblər. Bu şəxslər "Azexport" portalını Azərbaycanda və xaricdə təmsil edən "ulduz səfirlər"dir. Çarxda hər bir Azərbaycan sahibkarına bu portalda təmsil olunmağa çağırış var. Eyni zamanda, "Azexport"un bir Azərbaycan brendi olduğu və onda ölkəmizdə istehsal olunan ən yaxşı malların toplandığı göstərilir. Başqa sözlə, çarxda "Azexport" portalı məcazi mənada Azərbaycanın qeyri-neft sektorunun siması kimi təqdim olunur.
Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasiminin sonunda iştirakçıların təqdimatla bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.