İDMAN
Rəşid Məmmədbəyovun xatirə turnirinə seçim yarışları başlayır
AZƏRTAC xəbər verir ki, turnirdə iştirak üçün oktyabrın 4-dən 12-dək sərbəst və yunan-Roma güləşi üzrə seçim xarakterli zona yarışları təşkil olunacaq. Yarışın keçirilməsi həm də 2015-ci ildə keçiriləcək yeniyetmələrin Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
1998-1999-cu illər təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi Azərbaycan Güləş Federasiyasının nümayəndəlikləri tərəfindən keçiriləcək. 2000-ci il təvəllüdlü idmançılar valideynlərin razılığı və həkim arayışı ilə yarışlarda iştirak edə biləcəklər. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlarda güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.
Üç nömrəli nümayəndəliyin seçim yarışları oktyabrın 4-də Qobustanda, 2 nömrəli nümayəndəliyin seçim yarışları oktyabrın 4-5-də Sumqayıtda təşkil olunacaq. Oktyabrın 11-12-də 4, 6 və 7 nömrəli nümayəndəliklərin seçim yarışları müvafiq olaraq Sabirabad, Şəki və Şəmkirdə keçiriləcək.
Bir nömrəli nümayəndəliyin seçim xarakterli Bakı çempionatında isə oktyabrın 8-9-da sərbəst, 10-11-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Nümayəndəliklər üzrə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika turnirində iştirak hüququ əldə edəcəklər.