CƏMİYYƏT
Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası sədrinin pozuculuq əməlləri ilə bağlı faktın araşdırılması üzrə zəruri əməliyyat tədbirləri aparılır
Bakı, 8 yanvar (AZƏRTAC). Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a məlumat daxil olmuşdur.
Məlumatda deyilir ki, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsum Səmədov tərəfindən terror aksiyası hazırlanması barədə Bakı Şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasında yanvarın 7-də həyata keçirilən əməliyyat tədbirləri ilə M.Səmədov Nərimanov rayonu ərazisində avtomobillə hərəkət edərkən saxlanılmışdır. Bu zaman Mövsüm Səmədov və avtomobildə olan sərnişinlər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmişlər.
Saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə gətirilən Mövsüm Səmədov, onunla birlikdə olan Vaqif Abdullayev, Elçin Həsənov və Hüseyn Kazımov barəsində rayon məhkəməsi tərəfindən inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir.
Hazırda Mövsüm Səmədovun hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə respublikada ictimai asayişin pozulmasına yönəlmiş terrorçuluğa hazırlıq və belə hərəkətlərin törədiləcəyi ilə hədələməsi faktının araşdırılması üzrə zəruri əməliyyat tədbirləri aparılır.