ELM VƏ TƏHSİL
Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi yeni təhsil proqramına başlayır
Bakı, 21 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi yeni təhsil proqramına başlayır.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının muzey və təhsil proqramları layihəsi çərçivəsində realaşdırılacaq yeni proqram 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunur.
Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Turizm və Diyarşünaslıq Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçiriləcək “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramının məqsədi məktəblilərin Bakı şəhərində fəaliyyət göstərən muzeylərin tarixi, etnoqrafik-mədəni ekspozisiyası barədə maarifləndirilməsidir.
Layihə üzrə mövzuya aid eksponatlar, artefaktlar, yaradıcılıq işləri haqqında məlumat toplayaraq xüsusi interaktiv metodiki – maarifləndirici marşrutlar müəyyən ediləcək və muzey proqramları təşkil olunacaq. Eyni zamanda, məktəblilər ölkənin aparıcı muzeylərinin kolleksiya fondunun ekoloji və etnoqrafik aspektləri ilə tanış olacaqlar. Şagirdlərə insan, ətraf mühit və cəmiyyətin davamlı inkişaf konsepsiyası barədə məlumat veriləcək.
Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası tərəfindən 2015-ci il “Muzeylər və cəmiyyətin davamlı inkişafı ili” elan edilib.