Respublika Gənclər Kitabxanası xarici əlaqələrini genişləndirir
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru Əhməd Sami Elaydi rəhbəri olduğu qurum haqqında ətraflı məlumat verib. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin iyirmi ildən artıqdır fəaliyyət göstərdiyini, müxtəlif layihələrin iştirakçısı olduğunu, bir sıra təşkilatlarla müntəzəm əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
O, mərkəzdə ödənişsiz ərəb dili kurslarının təşkili, dinləyici qəbulunda yaş məhdudiyyətinin olmaması, yüksək səviyyədə dərslərin keçirilməsi haqqında danışandan sonra kitabxana əməkdaşlarını və oxucuları da bu kurslarda iştirak etməyə dəvət edib. Ölkəsinin universitetləri və kitabxanalarından danışan Əhməd Sami Elaydi deyib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində ədəbiyyatla yanaşı, elektron variantda on minədək kitab da var.
Sonra qonaqlar Misir haqqında qısametrajlı filmə baxıblar.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktor müavini Xalidə Musayeva kitabxana, onun şöbələri, fəaliyyəti haqqında məlumat verib.
Sonda Əhməd Sami Elaydi müəllifi olduğu “Müstəqillik dövrü Azərbaycan romanı” kitabından üç nüsxə kitabxanaya hədiyyə edib.