SİYASƏT
Respublika Günü Almaniyada da qeyd edilib
Berlin, 30 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Almaniyanın paytaxtında yerləşən Berlin-Brandenburq Elmlər Akademiyasında rəsmi qəbul keçirilib.
Qəbulda əvvəlcə Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib.
Səfir Pərviz Şahbazov çıxış edərək regionda aparıcı dövlətə çevrilmiş Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlar, Azərbaycan-Almaniya münasibətlərinin tarixi və bugünkü vəziyyəti, Prezident İlham Əliyevin cari ildə Almaniyaya etdiyi iki işgüzar səfərin bu əlaqələrin inkişafına verdiyi töhfə, habelə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verib. Səfir, eyni zamanda, tədbir iştirakçılarını Bakıda keçiriləcək ilk Avropa Oyunlarını canlı izləmək üçün Azərbaycana dəvət edib və “Azərbaycan Hava Yolları”nın Bakı-Berlin marşrutu üzrə birbaşa uçuşlarının açılmasını onların diqqətinə çatdırıb.
Tədbirə Almaniya Hökumətinin təmsilçiləri, Bundestaqın üzvləri, xarici diplomatik korpusun, Almaniya mətbuatının, ictimaiyyətinin, Azərbaycan və türk diasporunun nümayəndələrindən ibarət 300-ə yaxın qonaq qatılıb.
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kord Mayer-Klodt Respublika Günü münasibətilə Almaniya Hökumətinin təbriklərini çatdırıb.
Tədbirdə, həmçinin “Azərbaycanda multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə və gələcəyin cəmiyyət modeli” adlı konfransda iştirak etmək üçün Berlinə gəlmiş Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin