SİYASƏT
Respublika Günü Təbrizdə təntənə ilə qeyd edilib
Təbriz, 27 may, AZƏRTAC
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğu 28 May - Respublika Günü münasibətilə “Elgölü Pars” otelinin ziyafət salonunda rəsmi qəbul keçirib.
Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib. Sonra baş konsul Əli Əlizadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və tarixi əhəmiyyəti haqqında iştirakçılara məlumat verib.
Baş konsul Azərbaycan xalqının 70 illik əsarətdən sonra yenidən müstəqilliyə qovuşduğunu, bu müstəqilliyin ümummilli lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldığını bildirib. Ulu Öndər tərəfindən əsası qoyulan hüquqi və dünyəvi dövlət quruculuğu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində böyük nailiyyətlər əldə olunduğu vurğulanıb.
Ə.Əlizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında da məlumat verərək bildirib ki, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi, beynəlxalq vasitəçilərin ikili standartlardan çıxış etməsi təəssüf doğurur. Azərbaycan nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü bərpa edəcək.
Baş konsul son dövrlərdə yüksələn xətlə inkişaf edən Azərbaycan-İran münasibətlərindən də danışıb.
İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə İran-Azərbaycan əlaqələrinin əhəmiyyətindən, ortaq dəyərlərimizdən söhbət açıb. O, İran tərəfinin təbriklərini Azərbaycan rəhbərliyinə və xalqına çatdırıb.
Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafını, turizm potensialını, mədəniyyətini və İranla dostluq münasibətlərini əks etdirən film nümayiş olunub.
Qəbul çərçivəsində Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı videoçarx göstərilib. Baş Konsulluğun əməkdaşı Nəriman Orucəliyev Avropa Oyunları haqqında məlumat verərək İran vətəndaşlarını bu idman bayramını izləməyə dəvət edib.
Qəbulda İranın dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz