SİYASƏT
Respublika Günü Yekaterinburqda qeyd olunub
Moskva, 28 may, AZƏRTAC
Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulluğu 28 May - Respublika Günü münasibətilə qəbul təşkil edib.
Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifəsini icra edən İlqar İskəndərov müstəqillik dövründə ölkəmizin keçdiyi tarixi inkişaf yolu haqqında məlumat verərək bildirib ki, müstəqilliyinin ilk illərində Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ağır vəziyyətdə xalqın təkidli çağırışı ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda xaos və anarxiyaya son qoyuldu və ölkədə bütün sahələrdə ciddi islahatlar başlandı.
İ.İskəndərov qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi baxımdan xeyli güclənərək regionun aparıcı dövlətinə çevrilib, dünya birliyində öz layiqli yerini tutub. Ölkəmiz hazırda müstəqil kosmik sənayeyə malikdir və bu ilin sonunadək kosmik fəzaya daha bir peykini buraxmağa hazırlaşır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində görülən işlər barədə də danışan diplomat Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal altında olduğunu, vətəndaşlarımızın öz torpaqlarında məcburi köçkün şəraitində yaşamaq məcburiyyətində qaldığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən konstruktiv və düşünülmüş siyasət nəticəsində işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə edib.
Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinə toxunan İ.İskəndərov Sverdlovsk vilayəti ilə əlaqələrin inkişafından da danışaraq bu sahədə görüləcək işlər barədə məlumat verib.
Tədbirdə Sverdlovsk vilayətinin xarici iqtisadi və beynəlxalq əlaqələr naziri Andrey Sobolev, Rusiya XİN-in Ural Federal Dairəsi üzrə nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Yekaterinburq şəhər administrasiyasının rəhbəri Aleksandr Yakob, Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, Sverdlovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun sədri Şahin Şıxlinski çıxış edərək vilayətdə yaşayan Azərbaycan icmasını bayram münasibətilə təbrik ediblər. Azərbaycanın günü-gündən inkişaf etdiyini vurğulayan natiqlər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini arzulayıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva