REGİONLAR
Respublika Günü bölgələrdə təntənəli surətdə qeyd olunur
Şamaxı, 26 may, AZƏRTAC
Şamaxıda 28 May – Respublika Günü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunan tədbirin iştirakçıları - rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar və gənclər müasir, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərə hörmət və ehtiramlarını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.
Əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev 1918-ci ildə müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən söz açıb. Qeyd edib ki, ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan ulu öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi sayəsində böyük inkişaf yolu keçib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə yekunlaşıb.
X X X
28 May – Respublika Günü Qobustanda da təntənəli surətdə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində iştirak edən rayon rəhbərləri, idarə və müəssisələrin kollektivləri, habelə ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
Gənclər Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi hadisə olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Cümhuriyyət qısa ömür sürməsinə baxmayaraq, böyük nailiyyətlərə imza atıb: qadınlara seçki hüququ verilib, milli ordu yaradılıb, iqtisadi islahatlar aparılıb.
Çıxış edənlər 1918-ci il noyabrın 9-da qəbul edilən üç rəngli bayrağımızın 71 il sonra yenidən dalğalandığı, ulu öndər Heydər Əliyevin memarı olduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə regionun ən qüdrətli dövlətinə çevrilən müasir, müstəqil Azərbaycanın uğurlarından danışıblar.
Tədbir bayram konserti ilə davam etdirilib.
X X X
Respublika Günü münasibətilə Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində “Şərqin ilk demokratik Respublikası-Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda “dəyirmi masa” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.
Tədbir dövlət himninin səsləndirilməsi və məktəblilərin ifasında təqdim olunan “Canım Azərbaycanım” ədəbi-bədii kompozisiyası ilə başlayıb.
“Dəyirmi masa”da şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Nazilə Bünyətovanın, peşə liseyinin direktoru Azər Hüseynovun, Çöhranlı kənd tam orta məktəbinin direktoru Könül Qədirovanın, “N” saylı hərbi hissənin zabiti, baş leytenant Elvin Qurbaninin məruzələri dinlənilib. Məruzəçilər 1918-ci il mayın 28-də mürəkkəb tarixi şəraitdə qurulan Xalq Cümhuriyyətinin qısa müddətdə əldə etdiyi nailiyyətlərdən danışıblar. Cümhuriyyətin varisi olan müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin parlaq ideyaları, onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində daim tərəqqi edib çiçəkləndiyi vurğulanıb.