REGİONLAR
Respublika Günü münasibətilə Bərdədə qaçış yarışı keçirilib
Bərdə, 29 may, AZƏRTAC
28 may - Respublika Günü münasibətilə Bərdə şəhərindəki Heydər Əliyev adına park-bulvarda şəhər məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında 4x100 metr məsafəyə estafet qaçış yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 8 məktəbin komandası iştirak edib. Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman idarəsinin baş məsləhətçisi Aydın Qasımov, təhsil şöbəsinin metodisti Anar Rəsulov çıxış edərək iştirakçıları Respublika Günü münasibətilə təbrik edib, müstəqil Azərbaycanda gənclərə və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar.
Yarışın sonunda qalib komandalar gənclər və idman idarəsinin müvafiq dərəcəli diplomaları ilə təltif olunub.