SİYASƏT


Respublika Günü və Azərbaycan-Bolqarıstan diplomatik əlaqələrinin qurulmasının 25 illiyi Sofiyada qeyd edilib VİDEO

Sofiya, 31 may, AZƏRTAC

Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və xalqımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış 28 May - Respublika Günü münasibətilə Sofiya şəhərində rəsmi qəbul keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə məşhur bolqar bəstəkarı və dirijoru Kiril Lambovun rəhbərlik etdiyi xor qrupunun ifasında Azərbaycanın və Bolqarıstanın dövlət himnləri səsləndirilib.

Səfir Nərgiz Qurbanova tədbirdə çıxış edərək Azərbaycanın Milli Günündə qonaqları salamlamaqdan fəxr hissi keçirdiyini bildirib. 1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikasının elan edildiyini söyləyən səfir məhz ADR-in müsəlman aləmində irqindən, cinsindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq bütün insanlara ilk dəfə səsvermə hüququ verən ilk dünyəvi və parlament demokratiyası olduğunu vurğulayıb. Səfir Azərbaycanın operanın, teatrın yarandığı, müasir universitetlərin fəaliyyət göstərdiyi ilk müsəlman ölkəsi olduğunu, Azərbaycan xalqının bir çox Qərb demokratiyasından öncə qadınlara bərabər seçki hüququ verən ilk müsəlman xalqı olduğunu xüsusilə qeyd edib.

Azərbaycan Demokratik Respublikasının qısa ömür yolu keçdiyini, daha sonra Azərbaycanın 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olduğunu söyləyən N.Qurbanova bununla belə dövlətçilik ideya və dəyərlərinin xalqımızın qəlbində və şüurunda daim yaşamağa davam etdiyini bildirib. O, 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğunu və bununla Azərbaycan xalqının çoxəsrlik dövlətçilik sisteminin bərpa olunduğunu vurğulayıb. Ötən onilliklər ərzində Azərbaycanın fəal demokratik cəmiyyət və rəqabətə əsaslanan bazar iqtisadiyyatının qurulmasına nail olduğunu söyləyən səfir məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən əsaslı islahatların və onun layiqli davamçısı Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun nəticəsində müstəqillik və suverenliyimizin möhkəmləndiyini qeyd edib. Bu gün Azərbaycanın dinamik iqtisadiyyat və multikultural cəmiyyəti ilə siyasi cəhətdən sabit ölkə olduğunu xatırladan səfir ölkəmizin regional və beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də iqtisadi inkişafa və mədəniyyətlərarası dialoqa öz töhfəsini verdiyini vurğulayıb.

Bu il Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini bildirən N.Qurbanova son 25 il ərzində iki dövlətin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində mühüm və çoxşaxəli əlaqələrə nail olduğunu və əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. Səfir 2015-ci il tarixli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə əks olunduğu kimi, Bolqarıstanın dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüququn norma və prinsiplərinə əsasən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Əlaqələrimizin sadəcə nəqliyyat, turizm, kənd təsərrüfatı, təhsil sahəsi ilə məhdudlaşmadığını deyən səfir xalqlar arasında əlaqələrin tərəfdaşlığımızın mühüm komponenti olduğunu ifadə edib. Bu kontekstdə Heydər Əliyev Fondunun dəstəyi ilə “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunmasını xatırladan N.Qurbanova bu layihənin ölkələrimiz arasında sıx əlaqələrin ən gözəl göstəricisi olduğunu qeyd edib.

2017-ci il ərzində bolqar tərəfdaşlarla əməkdaşlıq etməklə səfirlik tərəfindən diplomatik münasibətlərin yaranmasının 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirildiyini xatırladan diplomat qəbul ilə yanaşı, Azərbaycanın “Azərmarka” dövlət şirkəti və Bolqarıstan Poçtunun Filateliya və Numizmatika bölməsinin əməkdaşlığı ilə Azərbaycan və Bolqarıstan poçt markalarının sərgisinin keçirildiyini, eləcə də “Avropa-2001” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının nəşr edildiyini diqqətə çatdırıb.

Tədbirdə fəxri qonaq qismində Bolqarıstan Respublikasının energetika nazirinin müavini Jeço Stankov çıxış edib. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən nazir müavini Azərbaycanın qədim tarixi və müasir inkişafının bütün dünyanın siyasətçiləri və turistlərinin diqqətini cəlb etdiyini bildirib. Nazir müavini Azərbaycanla Bolqarıstan arasında bir çox sahələrdə, xüsusilə enerji sahəsində əlaqələrin inkişaf etdiyini bildirib. O, Azərbaycanı Bolqarıstanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm tərəfdaş kimi səciyyələndirib və bu xüsusda əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

2013-cü il sentyabrın 19-da Bakıda imzalanmış müqaviləyə əsasən 2020-ci ildən etibarən Azərbaycanın Bolqarıstana ildə 1 milyard kubmetr qaz ixrac edəcəyini söyləyən J.Stankov Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycanın mühüm rol oynadığını ifadə edib. O, daha sonra Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü görüşündən sonra əldə olunmuş nailiyyətləri qeyd edib, bu xüsusda Bolqarıstanın Türkiyə və Yunanıstanla qaz bağlantı xətləri layihəsinin həyata keçirilməsi barədə məlumat verib.

Rəsmi çıxışlardan sonra tədbir ziyafətlə davam edib. Ziyafətdə qonaqlara Azərbaycan təamları və içkiləri təqdim olunub.

Tədbir çərçivəsində Nərgiz Qurbanova Bolqarıstan Milli Televiziyasına (BNT) müsahibə verib. O, Azərbaycan-Bolqarıstan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri barədə sualları cavablandırıb.

Tədbirdə Azərbaycanın Bolqarıstanla əlaqələrinin tarixini və bu ölkədəki mədəni fəaliyyətini, eləcə də turizm potensialını, mənəvi irsini, iqtisadiyyatını və beynəlxalq arenada oynadığı əvəzolunmaz rolu əks etdirən videoçarx nümayiş etdirilib, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinə həsr edilən loqo təqdim olunub. Eyni zamanda, Azərbaycan və Bolqarıstan poçt markalarının sərgisi təşkil olunub və “Avropa-2001” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışı qonaqlara paylanılıb.

Qəbulda Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov, Bolqarıstanın sonuncu Çarı və sabiq Baş naziri Simeon Saks-Koburq (II Simeon), Baş nazirin müavini və müdafiə naziri Krasimir Karakaçanov, Prezident kabinetinin rəhbəri İvo Xristov, protokolunun rəhbəri İvan Dimitrov, xarici siyasət üzrə katibi A.Krastin, iqtisadi siyasət üzrə katibi Y.Dimitrova və müşaviri İ.Xristozov, təhlükəsizlik və müdafiə üzrə katibi Stefan Yanev, vitse-prezidentin kabinetinin rəhbər əvəzi Diana Mirçeva, Baş nazirin xarici siyasət üzrə müşaviri D.Jeleva, xarici işlər nazirinin müavinləri Yuri Şterk və Todor Stoyanov, Baş prokurorun müavinləri Mariya Şişkova və Penka Boqdanova, Bolqarıstanın Müdafiə Qərargahının əməkdaşları, Bolqarıstan Müsəlmanlarının baş müftisi Mustafa Alış Hacı, Bolqarıstan şəhərlərinin merləri, Bolqarıstan Milli Teatrının direktoru M.Donkin, universitetlərin və hərbi akademiyaların rektorları, muzey direktorları, siyasətçilər, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Bolqarıstan-Azərbaycan Ticarət Palatasının rəhbərliyi, ictimaiyyətin nümayəndələri, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, iş adamları iştirak ediblər. Qəbulun iştirakçıları arasında, həmçinin “Azərmarka” şirkətinin prezidenti İntiqam Bağırlı olub.

Rəsmi qəbul Bolqarıstan KİV-lərində geniş işıqlandırılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.