REGİONLAR
Respublika Komissiyası barama istehsalçılarına subsidiyanın verilməsi barədə qərar qəbul edib
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli Sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli qərarı ilə təsdiq edilmiş “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na əsasən barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının yekun iclası keçirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Komissiyanın iclasında barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 10 rayon (şəhər) kənd təsərrüfatı idarəsinin təqdim etdiyi sənədlərə baxılıb və 1035 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 106 min 307,16 kiloqram yaş baramanın hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına, ümumilikdə, 531 min 535,80 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.
Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib.
Respublika Komissiyası tərəfindən 2017-ci ildə ölkə üzrə, ümumilikdə, 2421 barama istehsalçısına 239 min 790,78 kiloqram yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 1 milyon 198 min 953,90 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.