ELM VƏ TƏHSİL
“Respublika Məktəblərarası Debat Forumu 2014” layihəsi reallaşdırılır
Bakı, 27 yanvar, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “Respublika Məktəblərarası Debat Forumu 2014” layihəsi reallaşdırılır.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müvafiq proqrama uyğun olaraq reallaşdırılan layihə çərçivəsində Bakı, Sumqayıt, Şəki, Gəncə, Lənkəran və Şəmkirdə təlim və turnirlər keçirilib.
Şagirdlər sağlam həyat tərzi haqqında məlumatlandırılıb, interaktiv tədris metodlarının istifadəsi vasitəsilə ilkin biliklər qazanıblar. İctimai birlik tərəfindən debat təlimləri təşkil olunub.
Təlim və turnirlərdən sonra “Respublika Məktəblərarası Debat Forumu 2014” keçirilib. Forumda Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Şəmkir şəhərlərinin ayrı-ayrı məktəblərinin komandaları iştirak ediblər. Turnirlərin nəticəsi olaraq, Bakı Avropa Liseyinin “Debal” və Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbinin “Kommunikadze” komandaları finalda mübarizə aparmaq imkanı qazanıblar.
Forumun final oyunu və mükafatlandırma mərasimi yanvarın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.