ELM VƏ TƏHSİL
“Respublika Məktəblərarası Debat Forumu 2014” layihəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 29 yanvar, İbrahim Əsədov, AZƏRTAC
Yanvarın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində “Respublika Məktəblərarası Debat Forumu 2014” layihəsi çərçivəsində final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsini icra edən Vasif Məmmədov layihə barədə məlumat verib. Bildirilib ki, layihə nazirliyin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “Narkotik vasitələrin, onların psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası məqsədilə həyata keçirilir. Layihə çərçivəsində Bakı, Sumqayıt, Şəki, Gəncə, Lənkəran və Şəmkirdə ümumilikdə 180 şagird üçün təlimlər, turnirlər təşkil edilib.
Qeyd olunub ki, təlimlərdə şagirdlər sağlam həyat tərzi barədə məlumatlandırılıb, interaktiv tədris metodlarının istifadəsi vasitəsilə ilkin biliklər qazanıblar. Silsilə təlim və turnirlərdən sonra “Respublika Məktəblərarası Debat Forumu 2014” keçirilib. Forumda Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Şəmkir şəhərlərinin hər birindən 10 məktəbin komandası iştirak edib. Turnirlərin nəticəsində Bakı Avropa Liseyinin ”Debal” və Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin “Kommunikadze” komandaları finalda mübarizə aparmaq imkanı qazanıblar.
Forumun final mərhələsində Bakı Avropa Liseyinin ”Debal” komandası uğur qazanıb.
Qaliblərə Təhsil Nazirliyinin diplomları təqdim olunub.