CƏMİYYƏT
Respublika Müalicəvi Diaqnostika Mərkəzində aksiya keçirilib
Bakı, 27 iyul, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM), Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin və Məhəmməd Əmin Rəsulzadə qəsəbə bələdiyyəsi ərazi ilk partiya təşkilatının təşəbbüsü ilə RMDM-də 28 iyul – Dünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.
RMDM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı gənclər birliyinin sədri Ayla İbrahimova Dünya Səhiyyə Təşkilatının hepatit viruslarının yayılmasının qarşısının alınmasına və onunla mübarizəyə kompleks yanaşmağa çağıraraq 2010-cu ildən etibarən 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan etdiyini vurğulayıb.
RMDM-in həkim-qastroenteroloq-hepatoloqu, Türkiyə Qastroenteroloji Dərnəyinin fəxri üzvü Cəmil Kamilli hepatit virusları və onların əlamətləri, yoluxma yolları, diaqnostikası, müalicəsi, profilaktik tədbirlər haqqında məlumat verib.
Digər çıxış edənlər tədbirin əhəmiyyətini vurğulayıb, belə maarifləndirici aksiyaların davamlı keçirilməsinin vacibliyini qeyd edib, gəncləri bu işdə fəal olmağa çağırıblar.
Aksiya çərçivəsində Cəmil Kamilli Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində yaşayan gəncləri ödənişsiz müayinə edib.