CƏMİYYƏT
Respublika Sanitar-Karantin Müfəttişliyinin illik hesabatı təqdim edilib
Bakı, 15 fevral, Əziz Məmmədov, AZƏRTAC
2016-cı il ərzində Respublika Sanitar-Karantin Müfəttişliyinin (RSKM) laboratoriya şöbəsinin sanitar-kimyəvi bölməsində 10460 müayinə, sanitar-bakterioloji bölməsində 6674 müayinə, toksikoloji bölməsində isə 4802 müayinə aparılıb. Onlardan 1 nümunənin (toyuq dərisi) sanitar-kimyəvi müayinələrə, 28 nümunənin (ət, süd və konservləşdirilmiş məhsullar) sanitar-bakterioloji müayinələrə, 5 nümunənin (uşaq oyuncaqları, makiyaj vasitəsi – pomada, efir yağları) toksikoloji müayinələrə görə sanitariya norma və qaydaların tələblərinə cavab vermədiyi aşkar edilib. Bu məhsullardan təkrar nümunələr götürülərək müayinələr aparılıb. Nəticələri sanitar norma və qaydaların tələblərinə cavab verməyən məhsullar gigiyena qeydiyyatına alınmayıb. 2016-cı il ərzində laboratoriya şöbəsinin həkimləri respublikadan ixrac olunan məhsullar üzrə 68 dozimetrik müayinə aparıblar.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar Respublika Sanitar-Karantin Müfəttişliyinin 2016-cı il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında elan edilib.
Fevralın 15-də Respublika Gigiyena və Epidemiologiya Mərkəzində keçirilmiş mətbuat konfransında çıxış edənlər - RSKM-in epidemiologiya şöbəsinin müdiri Yədulla Balışev və laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev qeyd ediblər ki, 1993-cü ildə yaradılmış bu müəssisənin əsas məqsədi respublika ərazisinə xüsusi təhlükəli hesab edilən yoluxucu xəstəliklərin (taun, vəba, sarı qızdırma, malyariya, kontagioz hemorragik qızdırmalar, insan üçün qorxulu digər xəstəliklər - QİÇS (AİDS), donuz qripi, quş qripi, SARS və s.) gətirilməsinin və yayılmasının, həmçinin insan həyatı üçün potensial təhlükə törədən ərzaq məhsulları və istehlak əşyalarının idxalının qarşısını almaqla ümumdövlət səviyyəsində sistemli tədbirlər həyata keçirməkdir.
Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində 24 şəxsin yüksək hərarəti olması barədə 19 telefonoqram vasitəsilə RSKM-ə məlumat verilib və sahə tibb müəssisələri tərəfindən aparılmış müayinələr nəticəsində həmin şəxslərdə “donuz qripi” xəstəliyi aşkar edilməyib. Sərhəd gömrük buraxılış məntəqələrində (SGBM) infeksion xəstəlik ehtimalı olan hallarda diaqnozu yoxlamaq üçün ərazi tibb müəssisəsindən mütəxəssis çağırılır. SGBM-lərdə sanitar-karantin tədbirləri beynəlxalq tibbi-sanitariya qaydalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. “Donuz qripi” xəstəliyinin simptomları ehtimal edilən şəxslərin tibbi müayinəsi məqsədilə Gömrük Xidmətinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə belə şəxslər barəsində məlumat verirlər.
2016-cı il iyunun 28-də Respublika Sanitar-Karantin Müfəttişliyinə bir şəxsin QİÇS-ə yoluxması barədə məlumat daxil olub və müvafiq tədbirlər görülməsi üçün bu haqda Respublika QİÇS-ə Qarşı Mübarizə Mərkəzinə xəbər verilib.
Keçən il ölkəyə 179 meyit gətirilməsi ilə əlaqədar sərhəd buraxılış məntəqələrindən Müfəttişliyə 86 faks daxil olub, aparılmış yoxlamalar nəticəsində müəyyən edilib ki, vəfat etmiş şəxslərdən heç birinin ölümü infeksion xəstəliklərlə bağlı deyil. Bu meyitlər dəfn edilərkən epidemiologiya qaydalarına riayət edilir, müvafiq profilaktik tədbirlər görülür. Bu məqsədlə meyitlərin ölkəyə gətirilməsi prosesi daim nəzarət altında saxlanılır.
Tədbirdə qeyd edilib ki, keçən il kadr hazırlığı tədbirlərinə geniş yer ayrılıb. Məsələn, Müfəttişliyin bütün həkimləri və tibbi heyət təkmilləşmə və ya ixtisasartırma kursları keçərək test imtahanları verib və müvafiq sertifikatlar alıblar.