ELM VƏ TƏHSİL
Respublika Seysmoloji Xidmət Mərkəzində elmi seminar keçirilib
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) elmi seminar keçirilib.
RSXM-dən AZƏRTAC-a bildiriblər ki, seminarda professor Adil Əliyevin “Cənubi Xəzərin palçıq vulkanizmi” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə son 20 ildə aparılan elmi işlərin bəzi nəticələri şərh olunub. Qeyd olunub ki, palçıq vulkanlarının yeni morfogenetik təsnifatı verilib. Yeni qırılma strukturları və onların arasında yerləşən mikrobloklar aşkarlanıb. Palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsi və seysmiklik ilə genetik əlaqə aşkara çıxarılıb, (qazhidrogeokimyəvi göstəricilərə görə), palçıq vulkanı brekçiyasının fəsil minerallaşması və vulkan palçığının geokimyəvi xüsusiyyətləri öyrənilib.
Sonra məruzə ətrafında suallar cavablandırılıb.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, professor Adil Əliyev 50 ildən artıqdır ki, palçıq vulkanlarının öyrənilməsi ilə məşğul olur. O, gənc mütəxəssislərin bu sahəyə diqqət yetirməsinin vacibliyini vurğulayıb.