ELM VƏ TƏHSİL
Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ABŞ-da təlim keçəcəklər
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) seysmoloji tədqiqatlar aparan beynəlxalq təşkilatlarla və xarici ölkələrlə əməkdaşlığını davam etdirir. Bu əlaqələr çərçivəsində RSXM-nin əməkdaşları ABŞ universitetlərində təlim keçəcəklər.
AZƏRTAC xəbər verir ki, iyulun 16-dan avqustun 12-dək RSXM-nin zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri S.Kazımova və bu şöbənin əməkdaşı L.Piriyeva ABŞ-ın Beynəlxalq Milli Livermor Laboratoriyasında alınmış seysmoloji məlumatların birgə analizi və təhlili sahəsində təlim keçəcəklər.
RSXM-nin zəlzələlərin tədqiqatı bürosu rəisinin müavini, sistem administratoru R.Kərimova və bu qurumun mühəndisi Y.Muradova isə avqustun 16-dan sentyabrın 10-dək ABŞ-ın Missuri Universitetində aparılan seysmoloji tədqiqatların nəticələri ilə bağlı emal proqramlarının yeni versiyalarının tətbiqi istiqamətində keçirilən təlimlərdə iştirak edəcəklər.