ELM VƏ TƏHSİL
Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları üçün seminar-treninq başlayıb
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyalarında iş keyfiyyətinin yüksəldilməsi və stansiyalarda quraşdırılmış avadanlığın iş prinsiplərinin öyrənilməsi ilə bağlı seminar-treninq keçirilib.
RSXM-də AZƏRTAC-a bildiriblər ki, tədbirdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli respublikanın regionlarında 35 telemetrik seysmik stansiyanın fəaliyyət göstərdiyini, bölgələrdə GPS stansiyalarının quraşdırıldığını, bundan başqa geofiziki və geokimyəvi stansiyaların da fəaliyyət göstərdiyini deyib. Həmin stansiyalarda quraşdırılmış avadanlığın iş prinsiplərinin daha dərindən öyrənilməsinin stansiya əməkdaşları üçün vacibliyini vurğulayan Q.Yetirmişli bütün stansiyaların zəruri təlimat və vəsaitlərlə təmin edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, bəzi seysmik stansiyaların yüksək dağlıq ərazilərdə yerləşməsinə baxmayaraq, orada qış mövsümü üçün bütün zəruri şərait yaradılıb.
Sonra RSXM-nin geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru İlyas Kazımov mərkəzin əməkdaşları üçün GPS stansiyalarının iş prinsipinə dair təlim keçib.
Seminar-treninq iki gün davam edəcək.