REGİONLAR
Respublika Süni Mayalama Mərkəzi ən müasir avadanlıqlarla təchiz edilir
Bakı, 11 iyul, AZƏRTAC
Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin (RSMM) yeni kompleksinin inşası başa çatmaq üzrədir. Mərkəzin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Niderlandın təcrübəsindən istifadə edilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, RSMM ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq, həmçinin təlim–təkmilləşdirmə mərkəzi kimi də fəaliyyət göstərəcək. Bu məqsədlə mərkəzdə tədris otaqları, nümayiş sahəsi və təlim iştirakçılarının qalması üçün tədris mehmanxanası yaradılacaq.
RSMM-də istifadə ediləcək törədici buğa və kəllər xarici ölkələrdən idxal olunacaq və tam qapalı şəraitdə saxlanılacaq. Yemin paylanması və mikroiqlim parametrlərinin stabilliyi avtomatik olaraq kompyuterləşmiş sistem vasitəsilə idarə ediləcək.
Hazırkı mərhələdə RSMM-in laboratoriyası, karantin izolyatoru və klinikası xüsusi təyinatlı avadanlıqlarla təchiz edilir. Laboratoriya avadanlıqları bu sahədə dünyada lider olan Fransanın “İMV technologies” şirkətinin istehsalıdır.
Qeyd edək ki, Azərbaycanda bu ilin yanvarınadək 1,3 milyon baş inək və camış olduğu halda, 2015-ci ildə ölkə üzrə 1,9 ton süd istehsal edilib. Bu da hər sağılan qaramala görə sutkada 4,9 kiloqram süd deməkdir. Bu, çox aşağı məhsuldarlıq göstəricisi sayılmaqla, həm təsərrüfatların gəlirlə işləməməsinə səbəb olur, həm də bu qədər heyvanın bəsləndiyi ətraf mühitə və təbii ehtiyatlara ciddi ziyan vurur. Halbuki respublikadakı modern südçülük və ətçilik komplekslərində hər inəkdən sutkalıq süd istehsalı orta hesabla 20,5 kiloqram təşkil edir, ayrı-ayrı təsərrüfatlarda isə bu rəqəm 28-29 kiloqram da olur. Bunun əsas səbəbi isə odur ki, modern südçülük komplekslərində saxlanılan heyvanlar yüksək məhsuldar cinslərdən olmaqla, süni yolla mayalandırılırlar.
Buna görə də RSMM-in istifadəyə verilməsi ilə maldarlıqda damazlıq işinin inkişaf etdirilməsi baxımından tam yeni yanaşma tətbiq ediləcək. Belə ki, RSMM Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun embrion transplantasiyası laboratoriyası ilə əlaqəli şəkildə fəaliyyət göstərməklə respublikanın yerli genofonduna daxil olan, müxtəlif coğrafi–iqlim şəraitinə uyğunlaşmış və müsbət təsərrüfat göstəricilərinə malik cinslərə məxsus törədici heyvanların da saxlanılaraq onlardan alınmış genetik materialın yayılması işini də həyata keçirəcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 iyun tarixli Sərəncamı ilə bu kompleksin tikintisinin tamamlanmasına, avadanlıq və qurğuların alınmasına və quraşdırılmasına 8,4 milyon manat sərf ediləcək.