ELM VƏ TƏHSİL
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ali məktəblərlə əməkdaşlıq haqqında memorandum imzalayıb
Bakı, 17 mart, AZƏRTAC
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) arasında əməkdaşlıq haqqında ilk anlaşma memorandumu imzalanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, sənədin imzalanmasının məqsədi müxtəlif profilli istiqamətlər üzrə elmi-tədqiqat və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
Tədbirdə ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov bildirib ki, müasir nailiyyətlərə əsaslanan turizm və menecment sahəsində uşaq və gənclərin maarifləndirilməsi, ekoloji turizm biliklərinin artırılması, kadr hazırlığı üçün nəzərdə tutulan əməkdaşlıq böyük əhəmiyyət daşıyır.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə diqqətə çatdırıb ki, nəzərdə tutulan əməkdaşlıq uşaq və gənclərdə xüsusi bilik və bacarıqların, sağlam həyat tərzinin formalaşdırılmasına təsir göstərəcək, yay məktəbləri, düşərgə, seminar və konfransların təşkilində, qarşılıqlı maraq doğuran beynəlxalq və milli layihələrdə birgə iştirakı əhatə edəcək.
ADBTİA-nın rektoru Fuad Hacıyev deyib ki, uşaq və gənclərin bədən tərbiyəsi, fiziki hazırlığı, sağlam həyat tərzinin formalaşdırılması və idman turizmi sahəsində nəzərdə tutulan əməkdaşlıq şagirdlər arasında bərabər imkanlar yaradacaq.