CƏMİYYƏT


Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Nazirlər Kabinetinin müvafiq qərarı ilə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzləri və T.İsmayılov adına Bakı Şəhər Uşaq-Gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.

Yeni müəssisənin yaradılması yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin vahid idarəetmə mexanizminin qurulması, mövcud ştat vahidləri və dərs yükü çərçivəsində onların maddi-texniki baza ilə təminatının təkmilləşdirilməsi məqsədi daşıyır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərkəzdə uşaq və gənclərin asudə vaxtlarının müxtəlif profilli istiqamətlər üzrə səmərəli təşkili və onların hərtərəfli inkişafı üçün müasir dövrün tələblərinə cavab verən məkanların yaradılması nəzərdə tutulub. Geniş profilli müəssisə yaratmaqla, elm, texnologiya, ekologiya və yaradıcılığın bütün sahələrini əks etdirən, müasir gəncliyin tələbatına uyğun dərnək və qrupların, klub və s. birliklərin təşkili, müxtəlif müsabiqə, sərgi, bayram tədbirlərinin, həmçinin elmi-laborator təcrübələrin keçirilməsi planlaşdırılır.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin İçərişəhər ərazisindəki keçmiş Azərbaycan Milli Ensiklopediyasının binasında yerləşdirilməsi nəzərdə tutulub. Həmin binada təmir işləri yekunlaşanədək mərkəzlər öz fəaliyyətini hazırkı binalarında davam etdirəcəklər.

Yeni mərkəzin qədim tariximizin yaddaşı olan məkanda fəaliyyəti qoruğa daha çox uşaq və gənclərin cəlb edilməsi, eyni zamanda, İçərişəhərin “Canlı tarix” konsepsiyasının reallaşdırılması istiqamətində növbəti addım olacaq, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların estetik dünyagörüşünün milli köklər üzərində formalaşmasına da müsbət təsir göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.