MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanasının keçirdiyi “Nağıl bilicisi” adlı əyləncəli müsabiqə başa çatıb
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Nağıl bilicisi” adlı əyləncəli müsabiqəyə yekun vurulub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, 7-10 yaşlı uşaqlar arasında keçirilən müsabiqənin yekun tədbirində valideynlər, müəllimlər, kitabxana əməkdaşları iştirak ediblər.
Tədbiri açan kitabxananın direktoru Şəhla Qəmbərova bildirib ki, “Nağıl” otağında həftənin müəyyən günlərində “Nağıl saatları”nın keçirilməsi artıq ənənəyə çevrilib. Nağıllar hər bir xalqın qədimliyini, adət-ənənəsini özündə qoruyub saxlayır, uzun qış gecələrinin, nənəli-babalı dünyamızın şirin xatirələrini yaşadır. Nağıllar milli mənəvi dəyərlərin əbədiyaşar boğçası olmaqla bərabər, ən çətin vəziyyətlərdən çıxış yollarını göstərir, yaxşı insanların darda qalmayacağı həqiqətini, xeyrin şər üzərində həmişə qalib gələcəyini özündə ehtiva edir.
Diqqətə çatdırılıb ki, Respublika Uşaq Kitabxanasının bu müsabiqəni keçirməkdə məqsədi milli mənəvi dəyərləri qoruyub saxlamaq və inkişaf etdirmək, istedadlı uşaqları üzə çıxarmaq, onların özünüifadə və inkişafına nail olmaqdır.
Əyləncəli müsabiqə “Axırıncı nağılın adını kim söyləsə...”, “Müəllif nağılları”, “Teleqram”, “Sehrli zənbil” adlı 4 mərhələdə aparılıb. Sonda isə “Tap görüm” müsabiqəsi keçirilib. Suallara düzgün cavab verənlərə jeton verilib. Ən çox mükafat jetonu qazanan qalib hesab edilib. Əyləncəli müsabiqədə Azərbaycan nağılları ilə yanaşı, dünya xalq nağıllarına da müraciət olunub. Müsabiqənin qalibi Yasamal rayonu 53 nömrəli tam orta məktəbin IV sinif şagirdi Nəzrin Cavid qızı İsmayılova olub. Ona kitabxana rəhbərliyi tərəfindən “Nağıl bilicisi” medalı təqdim edilib.
Müsabiqənin bütün iştirakçılarına “Göy qurşağı” jurnalı hədiyyə olunub.