CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatında 9 May Qələbə Günü qeyd edilib
Bakı, 9 may, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli tədbir keçirilib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Müdafiə Nazirliyinin orkestrinin çıxışları və qurulan səyyar mətbəx veteranların Qələbə bayramının sevincini daha da artırıb.
Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşlarının, ziyalıların və gənclərin iştirak etdiyi tədbirdə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək əlamətdar gün münasibətilə bütün veteranları təbrik edib, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışıb. Qeyd edilib ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir.
Sonra veteranlar çıxış edərək onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolundan, həyatlarının ən keşməkeşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər.
Qələbənin 72 illik yubileyi münasibətilə hazırlanan “Veteran marşı” mahnısı veteranların alqış sədaları ilə müşayiət olunub.
Sonda veteranlara müxtəlif hədiyyələr təqdim olunub.