CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü qeyd olunub
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 99-cu ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” tədbir keçirilib.
Əvvəlcə Respublika Veteranlar Təşkilatının inzibati binasında yerləşən muzeyin açılış mərasimi olub.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək tədbirin Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasının 99-cu ildönümünə həsr edildiyini deyib. Bildirib ki, Prezident İlham Əliyev mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Sərəncam imzalayıb. Bu Sərəncam ölkə rəhbərliyinin Azərbaycanın dövlətçilik ənənələrinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə yüksək dəyər verməsinin növbəti göstəricisidir. Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması qürurvericidir. Azərbaycan dövləti Cümhuriyyəti yaradanların xatirəsini hörmətlə anır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, professor Bədirxan Əhmədov və digərləri çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıblar. Diqqətə çatdırılıb ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sosial, siyasi və iqtisadi sahələrdə mühüm tədbirlər həyata keçirib. XX əsrin əvvəllərindəki çətin ictimai-siyasi şəraitdə xalqımızın ziyalıları Azərbaycan Xalq Cümhuriyyətini quraraq onun müstəqilliyinin dünyada tanınması üçün böyük işlər görüblər. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süquta uğrasa da, 71 ildən sonra xalqımız yenidən müstəqilliyinə qovuşdu. Hazırda Azərbaycan dövləti bütün sahələrdə sürətlə inkişaf edir. Bu gün bizim əsas məqsədimiz işğal altındakı torpaqlarımızı azad etməkdir.
Tədbirdə İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələri, Əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.