CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatının sədrinə və bir neçə üzvünə “Zabit həmrəyliyi medalı” təqdim edilib
AZƏRTAC xəbər verir ki, görüşdə nümayəndə heyətinin rəhbəri Aleksandr Kanişin Azərbaycanda səfərə gəldiyinə görə çox xoşbəxt olduğunu deyib. O qeyd edib ki, Azərbaycan qonaqpərvər ölkədir və bu diyar gündən-günə gözəlləşir, inkişaf edir.
Komitənin tarixi və fəaliyyəti barədə məlumat verən A.Kanişin deyib ki, dörd ildir yaranan qurumun 30 ölkədən üzvü var. Təşkilatın tərkibində Beynəlxalq Hərbi Fəlsəfə Birliyi yaradılıb ki, onun da məqsədi tarixi müharibələri təhlil və müzakirə etməkdir.
Qeyd edilib ki, Komitə “Müharibələrsiz və hərbi münaqişələrsiz dünya” adlı sənədli filmlərin və televiziya proqramlarının festivalını keçirir. Bakının film festivallarının keçirmə təcrübəsi olduğu üçün bu festivalın yekununu Azərbaycan paytaxtında keçirilməsi planlaşdırılır.
Qonaq xüsusi vurğulayıb ki, Azərbaycan ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Bildirib ki, Azərbaycanın bu oyunları yüksək səviyyədə təşkil edəcəyinə heç kimin şübhəsi yoxdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan qonaq problemini sülh yolu ilə həll olmasının vacibliyini qeyd edib.
Sonra Aleksandr Kanişin komitənin “Zabit həmrəyliyi medalı”nı Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevə və təşkilatın bir neçə üzvünə təqdim edib.
Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev qurumun fəaliyyəti, gördüyü işlər barədə qonaqlara ətraflı məlumat verib.
Prezident İlham Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan D.Rzayev bildirib ki, dövlətimizin başçısı həmişə Böyük Vətən müharibəsinin iştirakçıları ilə görüşərək onların problemləri ilə maraqlanıb.
Qonaqların diqqətinə çatdırılıb ki, ölkəmizdə veteranlara, hərbçilərə və onların ailələrinə dövlət tərəfindən daim qayğı göstərilir.
Sonra qonaqlara təşkilatın adından diplom və qiymətli hədiyyələr təqdim edilib.