CƏMİYYƏT


Respublika Veteranları Təşkilatında “Milli qəhrəmanlarımızı tanıdaq və yaşadaq!” mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında hərbi vətənpərvərlik mövzusunda “Milli qəhrəmanlarımızı yaşadaq!” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, Müdafiə Sənayesi və Müdafiə nazirliklərinin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, milli qəhrəmanlar, müharibə, əmək, Silahlı Qüvvələr veteranları və gənclər iştirak ediblər.

Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində hərbi-siyasi və hərbi-texniki sahədə böyük uğurlar qazanması xalqımız tərəfindən rəğbətlə qarşılanır. Bu gün Azərbaycan Ordusuna lazım olan silahların hazırlanmasında Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsullara böyük ehtiyac var. Nazirliyin istehsal etdiyi silah-sursatlar dünyanın qabaqcıl ölkələrində istehsal edilən məhsullardan üstündür. Aprel ayında cəbhə xəttində erməni təxribatlarının qarşısının alınmasında, ölkənin ərazi bütövlüyünün, dinc əhalinin təhlükəsizliyinin qorunmasında nazirliyin istehsalı olan silahlardan da istifadə edilib. Həmin silahlar və hərbi sənaye sahəsi mühəndislərimizin əməyinin nəticəsi olan texnikamız döyüş sınağından uğurla çıxaraq düşmənə sarsıdıcı zərbə vurub.

Milli qəhrəmanlarımızı tanıtmaq və yaşatmaq məqsədilə Respublika Veteranları Təşkilatının, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin, “20 Yanvar” İctimai Birliyinin, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin və “Sosial Rifah və Tədqiqatları” İctimai Birliyinin təşəbbüsü ilə bu il fevralın 2-də Müdafiə Sənayesi Nazirliyinə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun adının əbədiləşdirilməsi üçün yeni istehsal olunan silahlardan birinə onun adının verilməsi ilə bağlı müraciət edilib. Müraciət nazirlik tərəfindən müsbət qarşılanıb, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Səfiyar Behbudovun adının əbədiləşdirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən istehsal olunan 120 millimetrlik minaatanın “Səfiyar minaatanı” adlandırılması qərara alınıb.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin ölkə gənclərinin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətindəki fəaliyyəti təqdirəlayiqdir. Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi silahlarla, hərbi texnika ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş oğullarımızın xatirəsini əbədiləşdirir. Azərbaycanın milli qəhrəmanları Mübariz İbrahimovun və Səfiyar Behbudovun adlarını daşıyan “Mübariz 12.7” snayper tüfəngi və “Səfiyar minaatanı” bu sahədəki fəaliyyətin bariz nümunələridir. Bunlar əsgərlərimizin döyüş ruhunun artırılmasına rəvac verəcək.

Mübariz İbrahimovun və Səfiyar Behbudovun qəhrəmanlıqlarından danışan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev diqqətə çatdırıb ki, bu igidliklər Azərbaycan əsgərinin ən köməksiz vəziyyətdə belə möhkəm iradəyə malik olduğunu göstərmək üçün gözəl nümunələrdir. Milli qəhrəmanlarımız öz həyatlarını təhlükəyə ataraq Vətən uğrunda vuruşub, adlarını tarixə əbədi yazdırıblar. Prezident, Ali Baş Komandan İlham Əliyev milli qəhrəmanlarımızın Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirib. Milli qəhrəmanlarımızı gənclərə daha yaxından tanıtmaq üçün məktəblərdə bu istiqamətdə keçirilən tədbirlər davamlı olmalıdır.

“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqəti sayəsində Silahlı Qüvvələrimizin maddı-texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabitlərimizin döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi istiqamətində ciddi işlər görülüb. Bu silahlar orduda xidmət edən döyüşçülərimizdə böyük ruh yüksəkliyi yaradıb.

“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov deyib ki, “İstiqlal” snayper tüfəngləri ailəsindən olan 12.7 millimetr çaplı snayper tüfəngi Mübariz İbrahimovun şərəfinə “Mübariz 12.7” adlandırıldığı üçün əsgərlərimiz tərəfindən qürurla tətbiq edilir. Bu tüfəng hazırda dünyada ən yaxşı silahlar sırasında xüsusi yer tutur. “Səfiyar minaatanı” atəş yayımını müəyyənləşdirilmiş hədəfə daha dəqiq nişan alır. Milli qəhrəmanlarımızın adına verilmiş bu silahlar Bakıda keçirilmiş “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirakçıların böyük marağına səbəb olub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri Məmmədhüseyn Sarıyev, müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov və digərləri çıxış edərək milli qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinin Azərbaycan əsgərinin döyüş ruhunun yüksəlməsinə, gənclərdə vətən sevgisinin artmasına təsir göstərməklə düşmən üzərindəki qələbəmizə öz töhfəsini verəcəyini bildiriblər. Qeyd ediblər ki, gənclərimiz dövlətin öz qəhrəmanlarına olan diqqəti və qayğısını gördükdən sonra daha da vətənpərvər ruhda yetişəcəklər.

Tədbir iştirakçıları milli qəhrəmanlara göstərdiyi diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Sonda Səfiyar Behbudovun bacısı Naibə Behbudova, milli qəhrəman Vahid Quliyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.