CƏMİYYƏT
Respublika Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü qeyd olunub
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələrin yaranmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Hüseyn Rəsulbəyovun həyat və şərəfli döyüş yolundan bəhs edən sənədli filmin nümayişindən sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışıb. Bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin qərarına əsasən, 1918-ci il iyunun 26-da birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu, avqustun 1-də isə Xosrov bəy Sultanovun rəhbərliyi ilə Hərbi Nazirlik yaradılıb. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Azərbaycanın Milli Ordusu Qarabağda ermənilərlə döyüşdə böyük uğurlar qazanıb. Azərbaycanın müstəqilliyini gözü götürməyən istilaçılardan ölkəmizin müdafiə edilməsində Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Kazım Qacar və başqalarının böyük xidmətləri olub. Ancaq 1920-ci ilin aprel işğalı Azərbaycanın milli ordusunun tam formalaşdırılmasına imkan verməyib.
Qeyd edilib ki, Azərbaycan oğulları nəyə qadir olduqlarını İkinci Dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə də əzmlə nümayiş etdiriblər. Cəbhəyə yola salınan 700 min azərbaycanlının təqribən yarısı mərdliklə vuruşaraq bəşəriyyəti faşizm taunundan xilas edib. 124 həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə azərbaycanlı orden və medallara layiq görülüblər.
Vurğulanıb ki, hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyev 1970-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin təşkilinə nail olub. Ulu Öndər azərbaycanlı gənclərin SSRİ-nin ixtisaslaşdırılmış hərbi məktəblərinə qəbuluna da çalışırdı. O dövrdə ali hərbi məktəbləri bitirmiş zabitlər müstəqilliyin bərpasından sonra müasir Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında müstəsna rol oynadılar. Bu məktəblərin məzunları habelə erməni təcavüzkarlarına qarşı mübarizədə mərdliklə vuruşdular.
Diqqətə çatdırılıb ki, Azərbaycanda müasir ordu quruculuğuna yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanıb. Həmin dövrdən etibarən Silahlı Qüvvələrin təşkili istiqamətində mühüm addımlar atılıb.
Bu gün ölkədə aparılan ordu quruculuğu prosesindən bəhs edən Respublika Veteranlar Təşkilatının sədr müavini C.Xəlilov deyib: “Hazırda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Müasir və qüdrətli ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalı altındakı ərazilərimizi azad etməyə qadirdir. Ötən il aprel döyüşləri Silahlı Qüvvələrimizin gücünü, döyüş qabiliyyətini və əzmini aydın nümayiş etdirdi. Biz veteranlar buna inanır və bu işdə ordumuzun yanındayıq”.
Cəlil Xəlilov diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, hər il iyunun 26-sı ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Silahlı Qüvvələrin yaradılmasının ildönümü xalqımız üçün mühüm hadisədir.
Tədbirdə veteranlar çıxış edərək Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində ölkədə həyata keçirilən mühüm tədbirlərdən, Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən danışıblar.
Sonda Azərbaycan Silahlı Qüvvələrinin xidmətdə fərqlənən bir qrup zabit və gənc əsgəri Respublika Veteranları Təşkilatının yubiley medalları və fəxri fərmanları ilə təltif olunub.