MƏDƏNİYYƏT


“Respublika Xatirə Kitabı”nın XV cildi işıq üzü görüb

Bakı, 6 fevral, Z.Mansurova, AZƏRTAC

“Respublika Xatirə Kitabı”nın XV cildi nəşr olunub.

Kitab - İkinci Dünya müharibəsində, Milli İstiqlal Mücadiləsində, hərbi münaqişələrdə, Çexoslovakiya, Macarıstan, Əfqanıstan hadisələrində, 1990-cı il 20 Yanvar qırğınında, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə, Qarabağ müharibəsində həlak olmuş, itkin düşmüş, aldığı yaralardan vəfat etmiş Vətən övladlarının - Azərbaycanın şanlı oğlu və qızlarının əziz xatirəsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi məkanla bağlı qısa məlumatlar verilib. Kitabın hər cildində 15-17 min insanla bağlı məlumatlar yerləşdirilir.

Kitabın “Ön söz”ündə yazılır: “Müharibə tufanı sayı-hesabı bilinməyən Azərbaycan övladını Terek, Don, Volqa, Dnepr sahillərinə, uzaq-uzaq diyarlara - Polşa, Macarıstan, Fransa, Avstriya, İtaliya və Yuqoslaviyaya, eləcə də dünyanın başqa-başqa ölkələrinə aparıb çıxarmışdır. Bu məmləkətlərin qardaş məzarlıqlarında saysız-hesabsız Vətən övladları uyuyur. Ünvanı olanlar da, olmayanlar da, yeri bilinənlər də bilinməyənlər də var. Torpaq uğrunda Vətən yolunda canından keçən insanların xatirəsini yaşatmaq, əbədiləşdirmək, adını, şöhrətini nəsildən-nəslə çatdırmaq müqəddəs işdir. Onların adını gələcək nəsillərə, illərə, əsrlərə aparan təkcə qranit abidələr, tunc heykəllər, mərmər salnamələr deyil, həm də sətirləri, səhifələri şəhid qanı ilə yazılmış kitablardır”.

Kitabın baş redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvi Nəzakət Məmmədovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.