CƏMİYYƏT
Respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb
Bakı, 27 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 100-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, martın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 175 kubmetr olmaqla ongünlük normanın 57 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 255 kubmetr olmaqla ongünlük normanın 84 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 56 kubmetr olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici saniyədə 91 kubmetr təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.
Kür çayının aşağı axınında da suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 26, Salyanda 17, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 374 (2016-cı il martın 27-də 404 sm), Şirvanda 253 (2016-cı il martın 27-də 315 sm), Salyanda 200 (2016-cı il martın 27-də 257 sm), Bankədə 175 (2016-cı il martın 27-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 santimetr (2016-cı il martın 27-də 110 sm) təşkil edir.