MƏDƏNİYYƏT
Respublika ərazisində lisenziya əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 339-a çatıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ı və digər normativ-hüquqi aktları əsas götürərək cari ilin sentyabr ayı ərzində bir sıra hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıqlar (lisenziyalar) verib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, lisenziya alanlar sırasına "Elvin-AC" MMC-yə məxsus "Elit" moteli (Kürdəmir), "Premier Old Gates" MMC-yə məxsus "Preimier Old Gates" mehmanxanası (Bakı), "Ober Lux" MMC-yə məxsus "Ober Lux" istirahət mərkəzi (Xaçmaz), "Sapphire Group" MMC-yə məxsus "Sapphire İnn" mehmanxanası (Bakı), həmçinin fiziki şəxslər Samir Abdullayevə məxsus "İron Hotel" mehmanxanası (Bakı), Şahsənəm İslamovaya məxsus "Şane" mehmanxanası (Quba), Minayə Mayılovaya məxsus "Sadiq Çingizoğlu" moteli (Göyçay) və Ergül Özçelikə məxsus "Vego" mehmanxanası (Gəncə) daxildir.
Bununla da respublika ərazisində xüsusi lisenziya əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 339-a çatıb.