ELM VƏ TƏHSİL


Respublika fənn müsabiqəsinin qalibləri  mükafatlandırılıblar

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də “Holiday İnn” otelində 6-cı və 7-ci sinif şagirdləri arasında keçirilmiş respublika fənn müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, təhsil işçilərinin, məktəblilərin iştirak etdikləri tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verildiyini vurğulayıb.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən nazir müavini bu sənədə uyğun olaraq təhsil sahəsində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.

C.Bayramov Azərbaycan məktəblilərinin respublika və beynəlxalq müsabiqələrdə, olimpiadalarda ürəkaçan nəticələr əldə etdiklərini, medallara layiq görüldüklərini xatırladıb.

Tədbirdə respublika fənn müsabiqəsi barədə məlumat verilib. Qeyd olunub ki, bu ilin martından başlanan fənn müsabiqələri riyaziyyat fənni üzrə 6-cı sinif, fizika, kimya, biologiya, informatika fənləri üzrə 7-ci sinif şagirdləri arasında iki mərhələdə keçirilib. Müsabiqənin birinci mərhələsində respublikamızın bütün bölgələrindən 14 minədək şagird iştirak edib. Müsabiqədə məktəblilərə test və açıqtipli tapşırıqların cavablandırılması üçün iki saat vaxt verilib.

İkinci mərhələdə iştirakçılar həm fərdi, həm də komanda hesabında yarışıblar və buna uyğun olaraq nəticələr müəyyənləşdirilib. İkinci mərhələdə Bakı şəhəri 12, Sumqayıt şəhəri üç, Mingəçevir və Şirvan şəhərləri iki, digər şəhər və rayonlar bir komanda ilə təmsil olunub. Ümumilikdə ikinci mərhələyə 1400-dək şagird qatılıb. Müsabiqənin nəticələrinə əsasən 16 komanda və 110 şagird qalib elan olunub.

Tədbirdə qalib komandalara kubok, şagirdlərə diplom və medallar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.