ELM VƏ TƏHSİL
Respublika fənn olimpiadalarında 534 şagird biliyini sınayıb
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də fizika, riyaziyyat və informatika təmayüllü liseydə respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, final turuna qatılan 534 şagirddən 307-si texniki və təbiət fənləri, 227-si humanitar fənlər üzrə biliklərini sınayıb. Şagirdlərdən 282-si paytaxt, 252-si bölgə məktəblərindəndir.
Bu turda şagirdlərə yazı işlərini təhvil verdikləri zaman sualların düzgün cavabları, izahları, həlləri və qiymətləndirmə meyarları təqdim edilib.
Yazı işləri təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş fənlər üzrə münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilir. Nəticələr elan olunduqdan sonra qiymətləndirmədən razı qalmayan şagirdlər üçün münsiflər heyəti ilə birgə yazı işlərinin müzakirəsinə şərait yaradılır.
Səkkiz müxtəlif fənn - fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı üzrə keçirilən olimpiadaların birinci - rayon (şəhər) mərhələsində 30 minədək, respublika mərhələsinin yarımfinal turunda isə 5.909 şagird iştirak edib.
İlk iki mərhələdə şagirdlərə tapşırıqlar qapalı test formatında təqdim edilsə də, fənn olimpiadalarının final mərhələsində onlara açıqtipli, isbat, izahat, həll tələb edilən sual və tapşırıqlar təqdim olunub. Son mərhələdə iştirak edən bütün şagirdlərə olimpiadanın “İştirak” sertifikatı veriləcək.
Yekunda hər fəndən şagirdlərin nəticələrinə əsasən təxminən 240 şagird medal və diplomlarla təltif olunacaq, müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Artıq ənənə halını almış məqamlardan biri kimi hər fəndən ölkə üzrə ən güclü şagird “Birincilərin birincisi” nominasiyası üzrə təltif ediləcək.
İstedadlı şagirdlərin aşkarlanması, onların potensiallarının artırılması, həmçinin şagirdlər arasında müsbət rəqabət şəraitinin yaradılması məqsədilə 2013-cü ildən olimpiadaların keçirilməsi və təşkili üzrə yeni qaydalar hazırlanıb.
Respublika fənn olimpiadalarının keçirilməsinə “Kapital Bank” tərəfindən dəstək göstərilir. “Kapital Bank” Təhsil Nazirliyi ilə bir sıra layihələrin birgə həyata keçirilməsində fəal iştirak edib.