REGİONLAR
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb
Naxçıvan, 6 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib. Qeyd edib ki, təhsil sahəsində qazanılan uğurların sayının artması ölkəmizdə, eləcə də muxtar respublikada təhsilə göstərilən diqqət və qayğının nəticəsidir. Bu gün muxtar respublikanın ən ucqar kəndlərində belə şagirdlər müasir standartlara cavab verən, yeni avadanlıqlarla təchiz olunan məktəblərdə təhsil alırlar. Ötən il muxtar respublikada 19-dan çox təhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bu ilin ötən dövründə 5 məktəb binasının açılışı olub.
Bildirilib ki, yaradılan bu şəraitin qarşılığında şagirdlər səylə çalışır, yeni-yeni uğurlara imza atırlar. Qürurverici haldır ki, 20 mindən çox iştirakçısı olan respublika fənn olimpiadasında finala qalmış 200 nəfərdən 20-si muxtar respublikanın təhsil müəssisələrinin şagirdləridir. Şagirdlər bu olimpiadadan Naxçıvana 2-si qızıl olmaqla, 20 medalla qayıdıblar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Rüstəm Həsənov “Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin respublika fənn olimpiadalarının nəticələri haqqında”, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova “Məktəbimizin fənn olimpiadalarında qazandığı uğurlar”, Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Sevinc Ləzgiyeva “Fənn olimpiadalarının əhəmiyyəti” mövzularında çıxış ediblər.
Daha sonra fənn olimpiadasında qızıl medal qazanmış Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin X sinif şagirdi Zöhrə Kəngərli olimpiada qalibləri adından çıxış edərək, başda öz müəllimləri olmaqla, bütün təhsil işçilərinə, qalibiyyətlərində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, istər ölkə, istərsə də muxtar respublika rəhbərliyinin qayğısını üzərində hiss edən gənclər bundan sonra daha da böyük uğurlara imza atacaq, onlara olan etimadı doğruldacaqlar.
Sonda qaliblərə medallar, fəxri fərmanlar və müxtəlif hədiyyələr təqdim olunub.