ELM VƏ TƏHSİL


Respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıblar

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Nizami Kino Mərkəzində respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini bildirib.

Cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu vurğulayan nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edib və bu sənədə uyğun olaraq müvafiq sahədə reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.

M.Cabbarov respublika fənn olimpiadalarının keçirilməsinin istedadlı uşaqların vaxtında aşkara çıxarılmasında rolunu vurğulayıb.

Fənn olimpiadalarına ilbəil marağın artdığını qeyd edən nazir bilik yarışının ölkənin hər bir bölgəsini əhatə etdiyini bildirib.

Şagirdlərin beynəlxalq olimpiadalarda uğurlarından bəhs edən M.Cabbarov son dörd il ərzində məktəblilərin 66 medal qazandıqlarını diqqətə çatdırıb.

Nazir respublika fənn olimpiadasının qaliblərini təbrik edib, onlara təhsildə yeni nailiyyətlər arzulayıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bilik yarışının keçirilməsinin əhəmiyyətini qeyd edib, istedadlı uşaqların inkişafına verdiyi töhfələrə və respublika fənn olimpiadalarının təşkilinə göstərdiyi dəstəyə görə “Kapital Bank”ın rəhbərliyinə təşəkkürünü bildirib.

Təhsil İnstitutunun direktoru Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin ali məktəblərə qəbul göstəriciləri ilə bağlı təqdimatla çıxış edib.

Tədbirdə respublika fənn olimpiadalarının keçirilməsi və qalibləri haqqında videoçarx nümayiş olunub.

Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsinə 30 minədək şagird qatılıb. Bu il Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdikləri olimpiadada səkkiz fənn üzrə 263 qalib müəyyənləşdirilib. Onlardan 48-i qızıl, 85-i gümüş, 130-u bürünc medala layiq görülüb.

Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.