CƏMİYYƏT
“Respublika gənclər debat forumu: Yaz-2017”nin qalibləri mükafatlandırılıb
Bakı, 31 may, Həsrət Mahmudova, AZƏRTAC
Mayın 31-də “Respublika gənclər debat forumu: Yaz-2017” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə “Respublika gənclər debat forumu: Yaz-2017” layihəsinin videohesabatı təqdim olunub.
Sonra final oyunu keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin “Peçat” komandası ilə Bakı Dövlət Universitetinin “Kapitan Qrandın uşaqları” komandası gərgin mübarizə şəraitində keçən oyunda qalib gəliblər.
Final oyunu başa çatdıqdan sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ələkbər Mustafayev çıxış edərək qalib gələn gəncləri təbrik ediblər. Bildirilib ki, debat forumlarının iştirakçıları olan gənclər gələcəkdə müxtəlif sahələrdə həm ölkə, həm də beynəlxalq miqyasda ölkəmizi layiqincə təmsil edə, Azərbaycanın maraqlarını uğurla qoruya bilərlər. İndiyədək keçirilən forumlarda ölkə üçün aktual olan mövzular – iqtisadiyyat, ekologiya, multikulturalizm və digər sahələrlə bağlı müzakirələr aparılıb, gənclər öz mövqelərini əsaslandırıblar.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bununla əlaqədar olaraq, Gənclər və İdman Nazirliyi ilə birgə reallaşdırılan “Respublika gənclər debat forumu: Yaz-2017” çərçivəsində 11 regional mərkəzdə 2000 gəncin iştirakı ilə təşkil olunan təlimlər, turnirlər və forumlar İslam həmrəyliyi mövzusunda keçirilib.
Diqqətə çatdırılıb ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin aparıcı və ən kütləvi proqramlardan biri olan Milli Debat Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hər il mütəmadi olaraq keçirilən “Respublika gənclər debat forumu” Bakı, Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir, Ağdam, Sabirabad şəhər və rayonlarını əhatə edir. Hər bir regionun ali təhsil müəssisələrində təlimlərlə yanaşı, daxili və regional turnirlər də keçirilir. Adları çəkilən rayon və şəhərlərdə gənc debatçılar ölkəmiz üçün prioritet olan müxtəlif aktual mövzularda problemləri araşdıraraq debatlar aparırlar.
Sonda qalib komandalar, həmçinin Regional Debat Mərkəzləri tərəfindən İslam həmrəyliyi ideyalarının gənclər arasında təbliğatının aparılmasında fəaliyyətinə görə fərqlənən gənclər, eləcə də “Bakı Gənclər Debat Forumu: Yaz Kuboku-2017”nin iştirakçıları mükafatlandırılıb.