REGİONLAR
Respublika Günü Bərdə, Yevlax və Tərtərdə də qeyd edilib
Bərdə, 28 may, AZƏRTAC
28 may – Respublika Günü respublikamızın hər yerində olduğu kimi Qarabağ bölgəsində də təntənəli şəkildə qeyd edilib. Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi silsilə tədbirlərdə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və onun həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdə rolundan bəhs edilib.
AZƏRTAC xəbər verir ki, Yevlax şəhər Heydər Əliyev Sarayında keçirilən “Vətən mənə oğul desə nə dərdim” adlı tədbirdə Respublika gününə həsr olunmuş videoçarx göstərilib. Şəhər Mədəniyyət Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Aygün Qasımova, mərkəzi kitabxana sisteminin direktor müavini Tofiq Həsənov və başqaları çıxış edərək, AXC-nin 23 aylıq fəaliyyətindən danışıblar. Bildirilib ki, Xalq Cümhuriyyətinin qurulduğu 28 May tarixi xalqımızın ən əziz bayramlarından olmaqla, hər bir azərbaycanlı üçün milli iftixar günüdür.
Respublika günü münasibətilə Yevlax şəhər Mərkəzi Kitabxanasında kitab sərgisi, Salamabad kənd tam orta məktəbində isə Xaldan kənd uşaq musiqi məktəbinin konserti təşkil olunub.
XXX
28 May – Respublika günü Regional İdarənin Bərdə rayon nümayəndəliyində də silsilə tədbirlərlə qeyd edilib. Bərdə Dövlət Rəsm Qalereyasının qarşısında Turizm İnformasiya mərkəzinin əl işlərindən, mərkəzi kitabxananın kitablardan və Tarix Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgilər açılıb. Şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfinin şagirdlərinin çəkdiyi rəsmlər rayon sakinlərinin daha çox marağına səbəb olub. Rəngarəng musiqi nömrələri ilə davam edən tədbirdə xalqımızın müstəqillik uğrunda mübarizəsindən danışılıb.
Respublika günü münasibətilə Bərdə rayon mərkəzi kitabxanada “Azərbaycan dünyəvi dövlət - müsəlman ölkəsidir” adlı dəyirmi masa, “Xalqımızın tarixi nailiyyəti” adlı kitab sərgisi keçirilib.
XXX
Tərtər rayon Mədəniyyət Mərkəzi uşaq musiqi məktəbi ilə birlikdə ərazidə yerləşən N saylı hərbi hissələrin əsgər və zabit heyəti qarşısında konsert proqramları ilə çıxış edib. Respublika günü münasibəti ilə Mədəniyyət Mərkəzi və kənd klub müəssisələrinin özfəaliyyət dərnəklərinin baxış müsabiqəsi keçirilib. Müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib.
Tərtər şəhərindəki və kəndlərdəki kitabxanalarda fotosərgilər nümayiş olunub, “Müstəqilliyimiz əbədidir”, “Xalqa bağlanan ömür” adı altında əhaliyə açıq kitabxana və səyyar kitabxana xidmətləri göstərilib. Şagirdlərlə “Bir kərə yüksələn bayraq bir daha enməz” devizi altında görüşlər keçirilib, Azərbaycanın dövlətçilik tarixinə dair mühazirələr oxunub.
Tərtər rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Azərbaycan Respublikasının banisidir” mövzusunda keçirilən dəyirmi masada XX əsrin sonlarında yenidən öz dövlət müstəqilliyinə qovuşan Azərbaycanın daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərindən, müstəqil respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan bəhs edilib.