REGİONLAR


Respublikada dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Bəzi kütləvi informasiya vasitələrində guya Bərdə rayonunda iribuynuzlu heyvanların dabaq xəstəliyinə tutulması və tələf olması, həmçinin həmin heyvanlarda dabağa qarşı aparılan profilaktik peyvənd vasitələrinin keyfiyyəti haqqında əsassız, faktlara söykənməyən məlumatlar yayılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) AZƏRTAC-a bildirilib ki, 2016-cı ildə ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq iri və xırdabuynuzlu heyvanlarla bağlı müvafiq tədbirlər aparılıb, o cümlədən dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib. Aparılan peyvəndləmədən sonra heyvanlar arasında dabaq xəstəliyinə görə heç bir mürəkkəbləşmə və tələfat halları qeydə alınmayıb.

Qeyd olunub ki, 2016-cı ilin 7 ayı ərzində respublikada dabaq xəstəliyi əleyhinə iri və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirləri görülüb. Bu tədbir ölkə üzrə 4 milyon 973 min 892 baş iribuynuzlu, 5 milyon 895 min 483 baş xırdabuynuzlu heyvanı əhatə edib. Həmçinin cari ilin 7 ayı ərzində Bərdə rayonunda 168 min 800 baş iribuynuzlu, 101 min 937 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb.

Dövlət vəsaiti hesabına tender yolu ilə alınaraq ölkəyə gətirilən, heyvanlara tətbiq edilən bütün vaksinlər, o cümlədən dabaq xəstəliyi əleyhinə vaksinlər alınan müəssisələr beynəlxalq sertifikatlara malikdirlər və respublikaya gətirilən peyvənd vasitələrinin hamısının müvafiq beynəlxalq keyfiyyət sertifikatları mövcuddur. Həmçinin həmin vaksinlər respublikaya idxal olunarkən onların keyfiyyəti Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müvafiq laboratoriyalarında yoxlanılır, keyfiyyət göstəriciləri standartlara uyğun olduqdan sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yerli strukturları tərəfindən heyvanlara tətbiq edilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti heyvanlara vurulan dabaq vaksinlərinin guya keyfiyyətsiz olması və peyvəndləmədən sonra heyvanların tələf olması ilə əlaqədar yayılmış məlumatların heç bir əsası olmadığını və heç bir fakta söykənmədiyini bildirir. Heyvanların dabaq xəstəliyinə yoluxması və bu xəstəlikdən ölməsi barədə heç bir fakt məlum deyil.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada kəskin yoluxucu xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir və ona nəzarət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.