İQTİSADİYYAT
Respublikada heyvanlar arasında ölüm hallarının sayı xeyli azalıb
Bakı, 30 aprel, Ramiz Quliyev, AZƏRTAC
Bəzən kəndli təsərrüfatlarında iri və xırdabuynuzlu heyvanlar, həmçinin quşlar arasında kütləvi ölüm hallarına rast gəlinir. Bu, əsasən hansı səbəblərdən baş verir?
Bakı Şəhər Baytarlıq İdarəsinin şöbə müdiri Eldar Həsənov AZƏRTAC-a müsahibəsində bu məsələyə aydınlıq gətirərək deyib ki, ölüm halları əsasən heyvanlar arasında baş verən yoluxucu və invazion xəstəliklərdən, baytar-sanitar qaydalarının pozulmasından və digər səbəblərdən baş verə bilər. Hər bir ölüm hadisəsini araşdırmaq, dəqiqləşdirmək üçün ilkin diaqnozla yanaşı, ölmüş heyvanın Respublika Baytarlıq Laboratoriyasında yarılması və müayinəsi, həmçinin testin cavabı ilə müəyyən edilməsi məqsədəuyğundur. Yəni, ölümün səbəbini birbaşa müəyyən etmək qeyri-mümkündür.
Şöbə müdiri, həmçinin diqqətə çatdırıb ki, təkcə ötən il baytarlıq sanitariya qaydalarının pozulmasına görə 174 nəfərə inzibati protokol tərtib edilib.
Dövlət Baytarlıq Xidməti tərəfindən əhalinin və sahibkarların maarifləndirilməsi ilə bağlı mütəmadi işlərin görüldüyünü bildirən E.Həsənov deyib: “Son illər Azərbaycanın bir çox televiziya kanallarında sözügedən mövzu ilə bağlı müntəzəm surətdə maarifləndirmə işi aparılır, verilişlər hazırlanır, mütəxəssislərin fikirləri öyrənilir, dəyərli məsləhətlər verilir”.
Bundan başqa, rəis müavini qeyd edib ki, statistikaya görə, heyvanlar arasında ölüm hallarının sayı əvvəlki illərə nisbətən xeyli aşağı düşüb.