REGİONLAR
Respublikada quduzluq xəstəliyinin dinamikasında enmələr müşahidə olunub
Bakı, 27 noyabr, AZƏRTAC
Respublikada quduzluq xəstəliyinin dinamikasında enmələr müşahidə olunub.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat mərkəzinin rəhbəri Yolçu Həsənov məlumat verib.
Onun sözlərinə görə, bu xəstəliyi nəzarətdə saxlamaq üçün DBNX epizootiya əleyhinə tədbirlər planı əsasında hər il qeydiyyatda olan heyvanlar arasında vaksinasiya tədbirlərini həyata keçirir. Cari ildə qeydiyyatda olan 249 min 630 baş it peyvənd edilib və quduzluq xəstəliyini aşkar etmək üçün 32 nümunədə laboratoriya müayinəsi aparılıb. Onlardan 19-da xəstəlik törədicisi aşkar edilib. Aşkar olunan nümunələrin göndərildiyi ərazilərdə lazımi profilaktik tədbirlər həyata keçirilib. Əvvəlki illərdə isə 30-32 xəstəlik törədicisi qeydə alınırdı.
Yolçu Həsənov əlavə edib ki, ölkədə kifayət qədər vaksin və dezinfeksiyaedici maddələr vardır və hazırda respublikamızda bu xəstəliyə görə epizootik vəziyyət sabitdir.