REGİONLAR
Respublikada sənaye üsulu ilə quş əti istehsalının artırılmasına geniş imkanlar var
Bakı, 30 yanvar, AZƏRTAC
Respublikada quşçuluğun daha da inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Son illərdə illik istehsal gücü 55 min ton quş əti və 248,5 milyon ədəd yumurta olan 39 quşçuluq fabrikinin istehsal gücünün genişləndirilməsinə və əlavə olaraq 5 damazlıq, 1 əmtəəlik və 9 broyler fabrikinin işə salınmasına 98 milyon manat güzəştli kredit verilib.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Respublika üzrə istehsal olunmuş quş ətinin orta hesabla 57 faizi, yumurtanın 41 faizi sənaye üsulu ilə istehsal edilir. Ölkə əhalisinin quş ətinə və yumurtaya olan tələbatı demək olar ki, daxili istehsal hesabına tam ödənilir. Respublikamızda sənaye üsulu ilə quş əti istehsalının artırılmasına geniş imkanlar vardır.
Hazırda ölkədə 47 quşçuluq fabriki fəaliyyət göstərir. Yeni texnologiyaların tətbiqi, damazlıq quşçuluq təsərrüfatlarının yaradılması yolu ilə sənaye quşçuluğunu inkişaf etdirmək mümkündür.